Ölkəmizdə həyata keçirilən siyasi islahatlar partiyalararası geniş dialoqa şərait yaratdı
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar siyasəti demokratik azadlıqların təminatı, siyasi dialoq üçün yeni imkanlar yaratmaq, qanunvericilik sahəsində təkminləşdirmələrin aparılması baxımından hər zaman böyük əhəmiyyət daşımışdır. Aparılan bütün islahatlar Azərbaycan xalqının əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamasına xidmət edir.
Bu baxımdan xüsusi əhəmiyyətə malik Altıncı çağırış Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olmuşdur. Bu seçkilərlə bağlı Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir.
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarınınnümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.
Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.
Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycanın siyasəti situativ deyil.
Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində ölkəmizdə yaranan təhlükəsiz mühit Azərbaycana olan müsbət maraqları artırmaqla yanaşı, daxili sabitliyin, münbit siyasi dialoq müstəvisinin yaranmasına səbəb oldu. İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti quruculuq və bərpa işləri isə ölkəmizin iqtisadi gücünün və potensialının göstəricisidir. Sevindirici haldır ki, bizim rayonumuzun ərazisində də belə işlər sürətli şəkildə davam etdirilir. Hazırda Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu, o cümlədən mühüm əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etdirilir. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadədədir.
Əminik ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın həm daxili inkişafı daha da artacaq, həm də beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi daha da genişlənəcək. Biz füzulili gənclər də öz növbəmizdə hər zaman olduğu kimi Prezident İlham Əliyevi bütünlüklə dəstəkləyəcək, onun ətrafında bir yumruq kimi birləşəcəyik. Axı biz birlikdə güclüyük.
İlkin Əmirli,
Füzuli RİH başçısının köməkçisi

