“Torpaq əlimdə, bahar ürəyimdə” FOTO
“Nargis” Fondunun təşkilatçılığı ilə bu adda ən böyük xeyriyyə yarmarkası fəaliyyətə başlayıb
Bakı yenidən bayram ab-havasına bürünüb. Çünki bahar təravətli, yaz ətirli bayramımız olan Novruzun gəlişinə sayılı günlər qalıb. Elə bu münasibətlə də Bakının “Fəvvarələr meydanı”nda “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” adlı möhtəşəm və ən böyük xeyriyyə yarmarkası fəaliyyətə başlayıb.
Yarmarka aprelin 10-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarka ərazisində 63 böyük ev, 21 balaca ev, 3 restoran, oyun zonası, “yaz evi”, Novruz bayramına aid müxtəlif mövzulu konstruksiyalar quraşdırılıb.
Koronavirus pandemiyası ilə bağlı iki illik fasilədən sonra yenidən qapılarını Bakı sakinlərinə və şəhərimizin qonaqlarına açan yarmarkada qurulan evlərin kirayəsindən əldə olunacaq gəlir ənənəyə sadiq olaraq müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanması üçün istifadə ediləcək.
“İki sahil” olaraq biz də bayram sevinci ilə bahar təravətinin harmoniya tapdığı bu yarmarkanı ziyarət etdik. Əvvəla ondan başlayaq ki, burada əsl bayram atmosferi var idi. Yarmarkaya daxil olar-olmaz musiqi sədaları ilə bərabər, samovar çayının, yazın ətri ilə qarışan qoxusu isə hər kəs kimi, bizi də valeh etdi.

Təşkilatçılar yarmarkanın Novruza xas olan rəngləri, ətirləri, ənənəvi şirniyyatları və simvolları ilə bütün koloritini çatdırmaq üçün əllərindən gələni ediblər. Yarmarkaya gələrkən siz təkcə bayram əhval-ruhiyyəsinə qərq olmursunuz, eyni zamanda, müxtəlif suvenirlər ala, yemək yeyə, dostlarınız və qohumlarınızla asudə vaxt keçirə bilərsiniz. Yarmarka müxtəlif firmaların stendləri ilə bəzədilib. Yarmarkada şəkərbura, paxlava, səməni və bayram günü süfrəyə düzülən təamların, eləcə tonqalın dekoru hazırlanaraq şəkil çəkdirmək üçün bir guşə yaradılıb. Şəkil çəkdirmək isə pulsuzdur.
Yarmarkada başqa nələr var, nələr… Şirniyyat firmaları, yağ, düyü, çay, “fast food”lar, sərin içkilər və bir çox şirkətlərin məhsulları stendlərdə təqdim olunur. Daha çox şirniyyat məhsulları və “fast food”ların qarşısında növbə vardı. Buraya gələn ziyarətçilər üçün milli mətbəximizin ən gözəl təamları təqdim olunur. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yarmarkada 20-dən çox əlil və aztəminatlı ailələrdən olan sənətkarlar, eləcə də mikrosahibkarlar tərəfindən hazırlanmış müxtəlif qida məhsulları, əl işləri və suvenirlərin satışı təşkil olunub.
Bir stəkan çay şokolad və xurma ilə birlikdə 1 manatdır

Yarmarkada yerləşdirilən böyük samovara yaxınlaşanlar 1 manat ödəyərək soyuq bahar günündə isti çay içə bilərlər. Samovar çayına nəzarət edən Telman Eyyubov adlı çayçı deyir ki, bir stəkan çay şokoladla və xurma ilə birlikdə elə 1 manat edir. Quru meyvə və lokum istəyənlər isə əlavə ödəniş etməlidirlər.
Müştərilərimizin çoxu qızarmış şabalıd iyinə gəlir

Közdə Qəbələ şabalıdı dadmaq istəyənlər üçün arabadaca bişirilən şabalıdlar təqdim olunur. Satıcı Hüseyn Hacızadə deyir ki, şabalıd qramla 4 manata satılır: “Şabalıdı elə arabanın altında hazırladığımız ocağın istisi ilə qızardırıq. Tüstünün qoxusu ətrafa yayılır. Elə müştərilərimizin çoxu da bu iyə gəlir. Qazanın qapağını açan kimi, qarğıdalının iyi də ətrafa yayılır. Ümid edirik ki, bayram tətilində daha çox müştərimiz olar.”
Milli geyimlərin qiyməti 40 manatdan 100 manatadək dəyişir: “Ən çox, araxçın satılır”

Stendlərin içərisində milli geyimlərin olduğu bölmə rəngarəngliyi ilə diqqəti uzaqdan cəlb edirdi. Həmin bölməyə yaxınlaşaraq, bizi milli geyimləri hazırlayan Rəssamlar İttifaqının üzvü, tətbiqi sənət ustası Səbinə Qarayeva ilə söhbətləşdik. Səbinə xanım təkcə milli geyimləri, araqçınları, papaqları və üstlükləri hazırlamır, o, eyni zamanda, daşlardan qolbaqlar, sırğalar, bilərziklər hazırlayaraq müştərilərə təqdim edirdi. Həmsöhbətimizin sözlərinə görə, milli geyimlərin qiyməti 40 manatdan 100 manatadək dəyişir: “Təbii ki, qiymətlərdə endirim də edirik, müştərilər həm istədikləri geyimi alsın, həm də razı qalsınlar.” Səbinə xanım gün ərzində daha çox, araxçın satdığını deyir: “Turistlərin təbii daşlara və onlardan hazırlanan əl işlərinə olan marağını nəzərə aldım və bu gün satışa məhz onları çıxardım. Stendə yaxınlaşan gənc xanımlar isə daha çox şəkil çəkdirirlər. Milli kökümüzə dönüş sevindirici haldır”.
Qutablar çox dadlı olduğundan müştəri də boldur

Yarmarkanı hazırladığı qutablarla daha da dadlandıran Nazilə Aydəmirova “İki sahil”ə qutablarının çox dadlı və buna görə bol müştərili olduğunu bildirdi: “Təmiz və dadlı qutablarla yanaşı, bizdə təndir kababları da hazırlanır. Ət qutabı 1man 40 qəpik, göy qutabı 90 qəpikdir. Alıcılıq qabiliyyəti qutablarda daha yüksəkdir.”
Şüyüdlü Şuşa plovunun sirri

Ziyarətçilər üçün şüyüdlü Şuşa plovu hazırayan Qənirə Həsənova isə bu plovun hazırlanma sirrlərindən söz açdı: “1 nəfərlik plovun qiymət 5 manatdır. Plovla yanaşı, bizdə ət qutabı 2 manata, göy qutabı isə 1 manatdır. Alıcıların marağı çox yüksəkdir, hətta çatdıra bilmirik.”
Satıcılardan sonra ziyarətçilərin yarmarka ilə bağlı təəssüratlarını öyrəndik:
Bura gələn hər kəsin üzü gülür

Yarmarkanın ziyarətçisi olan Zöhrə Əsgərova isə olduqca xoş təəssüratda idi: “Xalqın bayram ovqatını yüksəltmək, bayram əhval-ruhiyyəsi yaratmaq üçün çox gözəl məqam və əla fürsətdir. Çünki bura gələn hər kəsin üzü gülür. Zənnimcə, buna hər kəsin ehtiyacı var. Bu layihəni gerçəkləşdirən təşkilatçılara, ideya müəlliflərinə təşəkkür edirəm ki, xalqın ruhunda, fikrində və təəssüratlarında inqilab yaradırlar. Yəni, gündəlik həyatdan fərqli həyat da var. Sevinmək və bir-birini təbrik etmək həyatı… Hər birinizin qarşıdan gələn Novruz bayramı mübarək olsun.”
Məhsulların qiymətləri sərfəli, çeşidləri də boldur

Ramilə Qurbanova bizimlə söhbətində dedi ki, sosial şəbəkədə belə bir yarmarkanın açıldığı haqda xəbər gördüm: “Havanın soyuq və küləkli keçməsinə baxmayaraq, uşaqlarımı buraya gətirdim. Övladlarım üçün bu yarmarkada vaxt keçirərkən sevindikləri üçün mən də onlara baxıb xoşbəxt oluram. Məhsulların qiymətləri sərfəlidir, çeşidləri də boldur. Xoş ab-hava, musiqi, insanlar, əyləncəli oyun zonalarından ibarət bu yarmarkadan inanmıram ki, buradan əylənmədən kimsə getsin.”
Bayramöncəsi bayram ab-havalı məkanın hazırlanması təqdirəlayiqdir

Fərid Bayramovun sözlərinə görə, belə yarmarkalarda mütəmadi olaraq iştirak edir: “Bayramöncəsi paytaxt sakinləri və əcnəbilər üçün belə bir bayram ab-havalı məkanın hazırlanması təqdirəlayiqdir. Çox bəyənirik bu təşəbbüsü. Burada qiymətlər münasibdir. Satışda fərqli qidalar var ki, bunu da xüsusilə bəyənirəm. Uşaqlar üçün də əyləncəli stendlər, eləcə oyun zonaları var ki, balacaların sevincinə səbəb olur.”
Bura Novruz atmosferini daha çox hiss etdiyimiz məkandır

Nərmin Kazımzadə isə yarmarkanın dizaynını, təşkilini çox bəyəndiyini bildirdi: “Bura Novruz atmosferini daha çox hiss etdiyimiz məkandır. Adətən milliliyi, qədimliyi, bayram ruhunu hiss etmək üçün rayonlara, bölgələrimizə üz tuturduq. Amma indi burada o hisslərə rahatlıqla qapıla bilərik. Yarmarkaya gələndə bilirəm ki, artıq bayrama az qalıb.”
Bayram ab-havasına bürünən “Fəvvarələr meydanı”na gələn böyükdən kiçiyə hər kəs həm əylənir, həm maraqlı vaxt keçirir, həm xeyriyyə yarmarkasında iştirak etmiş olur. Siz də bütün bunlara şahid olmaq istəyirsinizsə, elə isə yolunuzu “Torpaq əlimdə, bahar ürəyimdə” adlı yarmarkadan salın.

