Cəmiyyət 

Hər aydan bir gün alan Boz ay

Ötən aydan Kiçik çillə ömrünü başa vuraraq yerini Boz aya verib. Xalq təqvimində xüsusi yer tutan Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə (21 fevral – 21 mart) verilən addır.

ARANTV.AZ  xəbər verir ki, xalq arasında bu dövrə boz ayla yanaşı, “alaçalpo(v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Boz ayda 4 ünsür – su, torpaq, yel və odla bağlı çərşənbələr qeyd edilir. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, Boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri ona bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir. Xalq arasında belə bir təqvimin olduğunu aşağıdakı tapmaca da təsdiq edir:

Bir ağacım var

On iki budaqlı,

Otuz iki yarpaqlı.

Dörd çərşənbə, dörd müqəddəs.

Dörd çərşənbə müqəddəs sayılıb və təbiətin dəyişilməsində su, torpaq, yel və od mühüm rol oynayıb. Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla “Novruz gəlir” adlı məqaləsində yazıb: “Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (“oğru üskü”), ikinci üçünə “doğru buğ” (“doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri var. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da insanlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb, “Qaçın-qaçın, şeytanlar, sizi odda qalaram”, deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar.

Bayram axşamının öz xörəkləri var

Digər qaynaqlarda da əlavə çərşənbələrin olması haqda məlumatlar yer alıb. Əzizə Cəfərzadə “Anam deyərdi ki…” məqaləsində yazıb ki, əslində, dörd çərşənbə var, analar bu çərşənbələrin sayına ikisini də əlavə edirdilər: yalançı çərşənbə, xəbərçi çərşənbə. Bu çərşənbələrin xuşkəbəri (quru meyvəsi) çox olmazdı. Şam da çox yandırılmazdı. Xörəyi də yüngül çilovdan-zaddan olardı. Çərşənbələrin, bayram axşamının öz xörəkləri var. İlaxır çərşənbə və bayram axşamında turşulu plov bişirmək olmaz. Yəni narqovurma, turşu qovurma, sirkə plov, zirinc plov bişirilməz. Yalançı çərşənbədə – sirkə plov, lobya çilov (balqabaqla), birinci çərşənbədə narqovurma və ya turşu qovurma, ikincidə – paxlaplov, üçüncüdə – səbzi qovurma, ilaxır çərşənbədə – çığırtma və ya şirin plov kişmiş, bayram axşamı isə qaysı ilə toyuqplov bişirilərdi.

Professor Mirəli Seyidov qeyd edib ki, qədim azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən canlandırmış, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik dünya ilə əlaqələndirmişlər.

Hər cibində otuz düymə

Etnoqraf Qəmərşah Cavadov da bu mövzuya uyğun folklor nümunəsini misal çəkir:

Babamın bir çuxası var, on iki cibi.

Hər cibində otuz düymə.

Hər düymənin bir üzü ağ, bir üzü qara.

Gül olan otuzdan xəbərin varmı?

Bu nümunədə baba kainatı, çuxa ili, on iki cib ilin aylarını, otuz düymə ayın günlərini, düymələrin ağ üzü gündüzü, qara üzü isə gecəni təmsil edir. Boz ay haqqında bir neçə deyim də var: “Boz ay bozara-bozara keçər”, “Boz ay kimi qərarsız”.

Əkin dövrü

Bu ay iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Yaşlılar deyirlər ki, Naxçıvanda noxudu fevralın axırı, martın birinci ongünlüyündə əkmək lazımdır. Əsasən, dəmyə əkilən noxud bu dövrdə əkildikdə yağıntının hesabına su ilə təmin olunur, erkən əkildiyi üçün “ağ” (xəstəlik) vurmur. Bu ay heyvandarlar üçün də məsuliyyətli dövrdür. Çünki, adətən, mart ayının əvvəlindən heyvanlarda döl başlayır.

Bahar müjdəçisi novruzgülünün də Novruz bayramı ərəfəsində açdığı deyilir. Mərhum tədqiqatçı Zaleh Novruzov qeyd edib ki, novruzgülü Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Maraqlıdır ki, qış mülayim, qarsız-boransız keçsə də, bu gül Boz ay girməmiş heç vaxt açmır. Ən sərt keçən qışda isə Boz ayın əvvəlində cənub tərəfdə qarın altından zərif çiçəklər boylanır.

Daha çox xəbərlər