Region Xəbərləri 

Muxtar respublikada arı ailələrinin sayı son beş ildə 40,8 faiz artıb

Naxçıvan Muxtar Respublikasında aqrar sektorun gəlirli istiqamətlərindən olan arıçılığın inkişafı məqsədilə həyata keçirilən kompleks tədbirlər bu sahədə yeni təsərrüfat subyektlərinin yaradılmasına, əhalinin məşğulluğuna və keyfiyyətli yerli məhsullarla təminatına müsbət təsir göstərib.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sahibkarlara dövlət tərəfindən hər arı ailəsinə görə subsidiyaların və pulsuz dərman preparatlarının verilməsi, beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfransların keçirilməsi, muxtar respublikanın əlverişli təbii-iqlim şəraiti və zəngin yem ehtiyatı, həmçinin “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin təsis olunması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması arıçılığın inkişafını təmin edib.

Görülən tədbirlərin nəticəsidir ki, təkcə 2021-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 505 min manat məbləğində kredit verilib. 2021-ci ildə 15 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 2 milyon 27 min manat kredit verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin edib. Həmçinin “Arıçılıq məhsulları – bal satış yarmarkası”nın keçirilməsi bu sahənin inkişafına ciddi təsir göstərib. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 1 yanvar 2022-ci il tarixə muxtar respublikada 100 min 86 arı ailəsi mövcud olub ki, bu da 2017-ci ilin sonu ilə müqayisədə 40,8 faiz çoxdur. 2021-ci ilin sonunda ümumi arı ailələrinin 12978-i Şərur, 14984-ü Babək, 18939-u Ordubad, 18658-i Culfa, 2206-sı Kəngərli, 26920-si Şahbuz, 906-sı Sədərək rayonlarının, 4495-i isə Naxçıvan şəhərinin payına düşüb.

Arı ailələrinin artımı məhsul istehsalına müsbət təsir göstərib, 2021-ci ildə muxtar respublikada 1506 ton bal istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə 5,8 faiz artım deməkdir.

Daha çox xəbərlər