Siyasət 

Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.

Ermənistan üzərində qazandığımız tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək. Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycanın siyasəti situativ deyil. Bu gün Azərbaycan xalqı yaxşı bilir ki, ölkədə həyata keçirilən bu siyasət, bu sosial-iqtisadi inkişaf, dövlətimizin güclənməsi, təhlükəsizliyimizin təminatı birbaşa Prezident İlham Əliyevin dönməz və qətiyyətli fəaliyyətinin nəticəsidir. Onun xalq tərəfindən daim dəstəklənməsinin səbəbi də düşündüyü siyasəti, verdiyi vədləri ardıcıl şəkildə həyata keçirməsidir.
Prezident İlham Əliyevin 10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı vurğuladığı məsələlərdən biri də siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməməsi idi. Odur ki, Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında, ilk növbədə, qanunvericilik sahəsində böyük vəzifələr durur. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

Daha çox xəbərlər