Gündəm 

Ölkədə həm konseptual, həm də struktur xarakterli islahatların aparılması Azərbaycanı müasir və dünyəvi dövlət kimi gücləndirir

Bildiyimiz kimi 2020-ci il fevralın 9-da Azərbaycanda müstəqillik tarixinin ilk növbədənkənar Parlament seçkiləri keçirilmişdir. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarətdir. Seçkilərin növbədənkənar keçirilməsi səsvermənin şəffaflıq və obyektivliyinə təsir etməmiş, keçirilən seçkilər Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilmiş və Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu vurğulamışdır. Keçirilən seçkilər zamanı Azərbaycanda qurulmuş siyasi sistem daha da təkmilləşdirilmiş, bütün siyasi qüvvələrin seçkilərdə iştirakı nəticəsində Altıncı çağırış Milli Məclisi çoxpartiyalı məclis olmuşdur. Ölkədə aparılan siyasi islahatlar nəticəsində partiyalararası geniş dialoqun aparılması təşkil olunur, Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir.
VI Çağırış Məclisinin fəaliyyətə başlamasından sonra Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulmağa başlayıb. Qeyd olunmalıdır ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək və bununla əlaqədar olaraq millət vəkillərinin qarşısında qanunvericilik sahəsində böyük vəzifələr duracaqdır. Qeyd olunmalıdır ki, ölkədə həyata keçirilən islahatlar bu faktı bir daha təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması aparılan islahatların mərkəzində vətəndaşlarımız və onların rifahının olduğu faktını sübut edir. Dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri də gənclərimiz və həyata keçirilən Gənclər siyasətidir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılır.
Ölkədə iqtisadi sahədə aparılan islahatlar və görülən işlərdə Parlamentin rolu getdikcə artır. Bunun nəticəsində Hökumət üzvləri və öz növbəsində Parlamentdə xalqla daha sıx təmasda olacaq. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini, həm də parlamentin rolunu artıracaqdır. Azərbaycan eyni zamanda müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalı, radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Ölkədə uğurla həyata keçirilən digər bir sahə xarici siyasətdir. Azərbaycan Respublikası həm region dövlətləri ilə, həm türkdilli dövlətlərlə, həm də beynəlxalq arena ilə sıx əməkdaşlıq münasibətləri içərisindədir. Bu əməkdaşlığın mərkəzində həm siyasi-iqtisadi amillər, həmdə mədəni-sosial amillər dayanmaqdadır. Beynəlxalq arenada qazanılmış yüksək nüfuz daxili siyasətə də öz təsirini göstərir. Bütün görülən işlərin nəticədir ki, Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. 2020-ci ildə qazanılan Böyük qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunması bu sabitlik və təhlükəsizlik mühitinin daha da möhkəmlənməsinə gətirib çıxarır. Respublikamızın artan nüfuzu və təhlükəsizlik mühiti nəticəsində Azərbaycan dünyadakı ən etibarlı tərəfdaşlardan birinə çevrilmişdir.

Daha çox xəbərlər