Siyasət 

Azərbaycan və İsrail Prezidentlərinin Türkiyə səfəri: TDT-də yeni mərhələ başlayır?

Bu gün dünyanın diqqəti Ukrayna cəbhəsindən Türkiyəyə – Antaliya Diplomatik Forumuna köklənib. Azərbaycan Prezidenti İlham Əliyev də qardaş ölkəyə səfərə yollanıb. Azərbaycan Prezidentinin israilli həmkarından sonra Türkiyəyə səfəri region ölkələrinin də diqqət mərkəzindədir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan da Antaliyadakı foruma qatılacaq. 

Bəs bu hərəkətlilik fonunda həm Rusiya-Ukrayna məsələsi, həm Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin növbəti periodu, həm də türkdilli ölkələrin əməkdaşlıq platformasının yeni mərhələsi baxımından hansı önəmi daşıyacaq?

Politoloq Zaur Məmmədov Publika.az-a müsahibəsində söyləyib ki, Azərbaycan və İsrail prezidentlərinin Türkiyəyə səfəri tarixi hadisədir:

– Zaur bəy, İsrail prezidenti İsaak Hersoq Türkiyəyə səfərə gəldi. Bu İsrail prezidentinin uzun illərdən sonra Türkiyəyə ilk səfəri kimi tarixə düşdü. Bundan sonra Ankara ilə Tel-Əviv arasındakı əlaqələr hansı formada inkişaf istiqaməti götürəcək?

– Ümumiyyətlə, Türkiyə ilə İsrail arasındakı münasibətlər hər zaman yaxşı səviyyədə olub. XX əsrin ortalarında da, 1990-cı illərdə də biz buna şahidlik eləmişik. Ona görə ki, hər iki ölkənin geosiyasi baxış bucaqları üst-üstə düşür. Bu iki dövlət heç zaman bir-birlərinə iqtisadi və siyasi rəqib olmayıblar. Əksinə, tərəfdaş kimi münasibətlərini inkişaf etdiriblər. Müəyyən dönəmlərdə İsraillə Türkiyə arasındakı münasibətlər korlanmışdı. Amma son dövrlərdə İsraillə ərəb ölkələri arasında bir açılım görürük. Hətta bunlar o ərəb ölkələridir ki, prinsipial şəkildə İsraillə münasibətlərini nizama salmaq fikrində deyildilər. O ki, qaldı Ankara ilə Tel-Əviv arasındakı münasibətlərə, İsrail və Türkiyə arasındakı birlik bu regionun sabitliyi və təhlükəsizliyi üçün olduqca vacibdir. Tərəfləri Aralıq dənizi vasitəsi ilə bir-birinə kifayət qədər ciddi layihələr bağlayır. Onlar arasında vəziyyətin korlanmasını istəyən qüvvələr də var idi.

– Kimlər daha çox Türkiyə və İsrail arasındakı münasibətlərin korlanmasını istəyirdi? 

– Bunlar Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Misir, eyni zamanda Yunanıstan və yunan Kipri idi. Hətta Ermənistan da bu dəstəyə qoşulmuşdu. Həmin ölkələr öz aləmlərində Türkiyəyə qarşı müxtəlif koalisiyalar qururdular. Amma son zamanlar Ankaranın bu və ya digər ölkələrin hər biri ilə münasibətlərində isinmə, yaxşılaşma mövcuddur. İsrail prezidentinin Türkiyəyə səfəri isə tarixi hadisədir. Çünki bu kimi hadisələrlə tez-tez rastlaşmırıq. Bu, artıq rəsmi şəkildə liderlər arasında siyasi dialoqun başlanması deməkdir. Eyni zamanda, iki dövlət arasındakı münasibətlərin inkişafında yeni səhifədir. Bundan sonra diplomatlar, səfirliklər öz işlərini maksimum şəkildə görməyə başlayacaqlar.

– Bəs Ankara ilə Tel-Əviv arasındakı münasibətlərin inkişafı Bakını qane edirmi? 

– Əlbəttə, Türkiyə ilə İsrail arasındakı münasibətlərin bugünkü səviyyəsi, əlaqələrin yaxşılaşması Azərbaycanı da məmnun edir. Azərbaycan üçün Türkiyə qardaş, İsrail isə tərəfdaşdır. Eyni zamanda Bakı üçün Tel-Əviv hərbi-siyasi əməkdaşlıq etdiyi çox vacib mərkəzdir. Ona görə də düşünürəm ki, gələcəkdə Azərbaycan, Türkiyə və İsrail arasında bir çox layihələri birlikdə həyata keçirə bilərik. Eləcə də bu üç ölkə arasındakı əməkdaşlıq bizə dost olmayan tərəflər üçün də bir siqnal olmalıdır. İstər Amerikada, istərsə də Qərbin müxtəlif dövlətlərində yəhudi lobbisi ilə Azərbaycan lobbisi ciddi şəkildə fəaliyyət mövcuddur. Bundan başqa yəhudi lobbisinin Amerika konqresindəki fəaliyyəti oradakı erməni diasporunu və onlar üçün çalışan ermənipərəst lobbi qrupları üçün əsas çəkindirici məsələlərdən biridir. Biz əslində Bakı ilə Tel-Əviv arasındakı əlaqələrin görünən tərəfini müşahidə edirik. Əslində bu münasibətlər daha da dərindir. Azərbaycan-Türkiyə, Türkiyə-İsrail, Azərbaycan-İsrail münasibətləri yalnız və yalnız sülhün dayanıqlı olması, sabitliyin daha da inkişafı üçündür. Biz digər dövlətlərdən fərqli olaraq sülhə xələl gətirən, regionda münaqişələri oyadan hadisələrlə və hərəkətlərlə məşğul deyilik. Ukrayna ətrafında baş verən son hadisələr də göstərdi ki, həm Azərbaycan, həm də Türkiyə qızışdırıcı deyil, əksinə, sülhyaradıcı tərəflər kimi çıxış edirlər.

– Azərbaycan Prezidenti Türkiyədə səfərdədir. Bu səfər Azərbaycan-Türkiyə əlaqələri fonunda nələri dəyişəcək? Ermənistanın baş naziri də Antaliya Diplomatik forumuna qatılacaq. Bu səfərdən sonra İrəvan və Bakı arasındakı münasibətlərdə hansı irəliləyişləri müşahidə edə bilərik?

– Bu forum çərçivəsində Azərbaycan və Türkiyə liderləri arasında görüş baş tutacaq. Bu görüşdə Ankara və İrəvan arasındakı yeni münasibətlər, sərhədlərin açılması, Zəngəzur dəhlizi, eyni zamanda, Qarabağ ətrafındakı son vəziyyət müzakirə ediləcək. Bu gün dünyada bir nömrəli problem Rusiya ilə Ukrayna arasındakı müharibənin davam etməsidir. Görüş zamanı bu məsələnin də müzakirə edilməsi gözləniləndir. Bakı və Ankara bu kimi məsələlərlə bağlı öz mövqelərini koordinasiya edəcəklər. Tərəflər öz mövqelərini və baxışlarını bir-birinə çatdıracaqlar. Eyni zamanda, gələcəkdə bu istiqamətdə lazım olan addımlarla bağlı müzakirələr aparıla bilər.

– Bir müddət əvvəl Türk Dövlətləri Təşkilatı çox sürətli inkişaf yoluna qədəm qoymuşdu. Qazaxıstanda, ardınca Ukraynada baş verən hadisələr sanki bu birliyin fəaliyyətini kölgə altına saldı. Hazırda həmin birliyin fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, yenə də TDT-nin əvvəlki yüksəliş tempini görə biləcəyikmi? 

– Qazaxıstanın keçmiş prezienti Nursultan Nazarbayev də dünən Antaliya Diplomatiya Forumuna təşrif buyurdu. İlk dəfə olaraq publikada Qazaxıstanın keçmiş prezidentinin görüntüləri yayıldı. Türk Dövlətləri Təşkilatının bugünkü fəaliyyətindəki yeni mexanizmlər artıq bir ildən çoxdur ki, özünü göstərir. Amma Qazaxıstan hadisələri bir qədər türk dövlətləri arasındakı inteqrasiyanın güclənməsinə bir qədər mane olan hadisələr kimi qələmə verildi. Düşünürəm ki, Ukrayna hadisələrinin nəticəsi türk dövlətlərinin gələcəyinə, onların daxilindəki proseslərə də ciddi şəkildə təsir edəcək. Hələlik, indiki proseslərdə Xəzərə qədərki ərazilərdə Türkiyənin maraqlarının hansı istiqamətlərdə reallaşdırılması məsələsi durur. Amma Mərkəzi Asiyanın türk dövlətləri ilə də Azərbaycan və Türkiyənin ciddi şəkildə əməkdaşlığı mövcuddur. Ələxüsus, son zamanlar Türkiyə – Qırğızıstan, Türkiyə- Özbəkistan münasibətlərində ciddi dönüşlər yaradılıb. Burada Ankara və Aşqabat arasındakı münasibətləri xüsusi vurğulamaq lazımdır. Azərbaycan da bu 30 il ərzində həmin dövlətlər içərisində Türkiyə və Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayıb. Cənab preizdent türk dövlətləri liderləri içərisində öz fəallığı, inyeqasiyaya meyilliliyi ilə seçilən liderlərdən olub. Əslində bu proses bundan sonra da davam edəcək. Ukraynada baş verən hadisələr də bir daha göstərdi ki, bəzi ölkələr öz ambisiyalarını düzgün şəkildə başa düşmürlər. Bu da onların bu və ya digər məsələlərlə bağlı səhvlər etməsinə gətirib çıxara bilər. Mərkəzi Asiyanın türk dövlətləri ilə Türkiyə və Azərbaycan arasındakı bağlar daha da dərinləşməlidir. Bu mütləqdir. Buna mane olmaq istəyənlər yaxşı olardı ki, bu inteqrasiya prosesinin yanında dayansınlar. Onlar türk dövlətləri ilə münasibətlərində yeni baxış bucağına malik olsunlar.

Daha çox xəbərlər