Cəmiyyət 

Karantin yumşaldıldı: Kafe və restoranlarda menyu qiymətləri endirildimi?- Reportaj

Ölkədə iki ildir tətbiq edilən sərt karantin rejiminin aradan qaldırılmasından sonra bir çox yerlərdə, o cümlədən də kafelərdə fəaliyyət əvvəlki qaydada bərpa olundu.

Bir neçə gün öncəyə qədər bir masa arxasında 6 nəfərdən çox müştərinin oturmasına icazə verilmirdi. İndi isə belə bir qadağa mövcud deyil.

Buna görə də əksər kafelərdə menyunun qiyməti bahalaşmışdı. Kafe sahibləri deyirdilər ki, müştərini çox qəbul edə bilmədikləri üçün qazancları aşağı düşüb. Xərclərini ödəmək üçün qiymətləri qaldırıblar.
Artıq onların belə bir dərdi yoxdur. Bəs qiymətlər dəyişibmi?

Musavat.com-un əməkdaşı olaraq kafe-restoranlara baş çəkib, mövcud durumla maraqlandıq.

Restoranlardan birinin əməkdaşı İlqar Qasımov bildirdi ki, qiymət dəyişikliyi ancaq bazardan asılıdır:

“Bazar qiymətlərində dəyişiklik olarsa avtomatik olaraq burada da qiymətlər dəyişir. Xüsusi karantin rejimində də qiymətlər olduğu kimi qaldı. Vaksin və İmmunitet sertifikatı ilə bağlı məhdudiyyətlər hələ də qüvvədə qaldığı üçün hələ müştərilər axın edib, əvvəlki formada bura gəlmirlər”.

İçərişəhərdə yerləşən restoranlardan birinin məsul şəxsi olan Ayaz Tağızadə bildirdi ki, yeni qərar həm restoran, həm də müştərilər üçün müsbət haldır:

“Qiymətlərdə hər hansısa bir dəyişiklik yoxdur. Əvvəl necə idisə, indi də elədir. Hətta bəzi məhsulların qiymətini daha da endirməyi düşünürük. Artıq müştərilər mövcud vəziyyətə alışdığı üçün say məhdudiyyəti və karantin qaydaları ilə bağlı problem yaşamırıq. Xüsusi karantin rejiminin ilk vaxtlarında qaydalara uyğun olaraq işçi sayını azaltmışdıqsa, yumuşalmalardan sonra işçi sayını artıraraq restoranımıza müştəriləri qəbul etməyə hazırıq”.

Daha bir restoranın məsul şəxsi olan Cavid Cavadov dedi: “Nə pandemiyadan əvvəl, nə də sonra menyunun qiymətində artım olmayıb. Ərzağın qiyməti cuzi miqdarda qalxıbsa, menyunun qiymətini 3-5 manat artırmaq mənasızdır.

Məhdudiyyətlərə gəldikdə isə bizim restoranda oturacaq sayı 4-6 arası dəyişir. Ona görə də bizim üçün hər hansısa dəyişiklik demək olar ki, olmadı. Yeni qərar isə artıq normal həyata qayıtdığımızın göstəricisidir”.

Vətəndaşlar isə düşünürlər ki, bu, çoxdan verilməli olan qərar idi.

Paytaxt sakini Xədicə İsmayılova bunları dedi: “Eyni ailədən 6 nəfərdən artıq adam restorana gedəndə onları başqa masalara ayırırdılar. Pandemiya şərtlərinə əməl etsək də bu, bizim üçün də xoş hal deyildi”.

Daha bir paytaxt sakini olan Nizami Xəlilov isə bildirdi ki, yeni qərarı müsbət qarşılayır:
“Normal həyata qayıtdığımızı göstərir bu qərarlar. Lakin ümid edirəm yumuşalmalar səbəbindən yoluxma sayı yenidən artmaz. Çünki daha sərtləşdirilmiş rejimə qayıtmaq istəmirik”.

 

 

 

Daha çox xəbərlər