Region Xəbərləri 

Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir

10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident cənab İlham Əliyevin tarixi, proqram xarakterli çıxışında ölkədə başlanmış yeni islahatlar kursunun davam etdiriləcəyi ilə bağlı verdiyi anons bu gün tam təsdiqini tapıb.Prezident İlham Əliyev onu da vurğuladı ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər.

Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Prezident İlham Əliyev gənclər siyasəti mövzusunada toxunub. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, – misal üçün, könüllülər hərəkatı çərçivəsində, – vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni “beşinci kolon”un yaradılması istiqamətində iş aparılır. Çünki indiki “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın. O ki qaldı, gənc nəslə, yenə də deyirəm, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər.

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı. Prezident İlham Əliyev dedi ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğuladı.

Rüstəm Nağıyev,
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri

Daha çox xəbərlər