Gündəm 

İkili standartlara məntiqli cavab: Qarabağ Azərbaycandır!

Bu cavabın müəllifi Azərbaycan xalqının qəhrəmanlıq simvoluna çevrilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir

XXI əsrdə Qərbin, dünyanın xəritəsini dəyişmək istəyən qüvvələrin əlində oyuncaq olan beynəlxalq təşkilatların demokratiya pərdəsi altında apardıqları «mübarizənin» silahı ikili standartlar olmuşdur. «İnsan hüquqlarının qorunması», «demokratiyanın ixracı» bəhanəsi ilə nisbətən kiçik dövlətlərə təsir göstərmək, siyasi və iqtisadi səmərə əldə etmək üçün ikili standartlardan istifadə əslində beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasıdır. İlk baxışda demokratiyanın yayılması kimi «humanist» niyyətlər təsəvvürü yaradan ikili sandartların pərdəarxası görüntüsü yeni bazarlara nüfuz etmək, geosiyasi maraqların həyata keçirilməsidir. Bu «praktikanın» tətbiqində məqsəd digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasının da başlıca səbəbi Ermənistanı dəstəkləyən qüvvələrin Cənubi Qafqazda siyasi qüvvə kimi hegemonluq uğrunda mübarizəsidir. Dünya siyasətçiləri etiraf edirlər ki, yaradıcılıq məharəti, ədaləti ilə tarix yazan və lider adını doğruldan, müasir dünyamızın önəmli simalarından olan Prezident İlham Əliyev milli maraqlar məsələsində liderlik xüsusiyyətlərini əməli fəaliyyəti ilə təsdiqləmişdir.

Torpaqlarımız Ermənistanın işğalı altında qalsa da beynəlxalq nüfuzu artan, dünya birliyinin etibarlı, dəyərli üzvü olan, xarici siyasəti çevik, milli maraqlar üzərində qurulan Azərbaycan siyasi, iqtisadi müstəqilliyini qoruyub. Azərbaycanla təhdid dilində danışmağın mümkün olmadığını dəfələrlə bəyan edən Prezident İlham Əliyev onu da bildirir ki, ölkəmiz «rəngli inqilablar»dan, iqtisadi böhranlardan itkisiz çıxıb. Xalqımız milli, mənəvi dəyərlərinə sadiq qalaraq yoluna davam edir, güclənir, ölkələrlə bərabərhüquqlu münasibətlərdə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Artıq tarixə qovuşan qondarma «Dağlıq Qarabağ münaqişəsi»nin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunacağına inamını «Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax, dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik» sözləri ilə bildirən Prezident İlham Əliyev Müzəfər Ali Baş Komandan kimi sözünün ağası sahibi oldu. Bütün dünya bu həqiqəti etiraf etdi: Prezident İlham Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını da şəxsiyyətində birləşdirir. Bu isə dövlət başçımız İlham Əliyevin potensialının hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də dövlət başçımız ən çətin məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

Liderlərə məxsus siyasətdə sistemlik, soyuqqanlılıq, təmkinlilik və dəqiqlik prinsiplərini liderlik fəlsəfəsində birləşdirən, özünün də etiraf etdiyi kimi, nəyi, nə zaman, necə edəcəyini dəqiqliklə müəyyənləşdirən Prezident İlham Əliyevin siyasi iradəsinin, gələcəyi görmək məharətinin nəticəsi Zəfərlə bitən Vətən müharibəsində qazandığımız Qələbə oldu. Qazanan yenə də hər şeyi doğru zamanda, doğru etmək cəsarəti, məharəti oldu. Prezident İlham Əliyev milli məsələlərdə güzəştə getməyən lider olduğunu hakimiyyətə gəldiyi ilk günlərdən apardığı islahatlarla bəyan etmişdi. Yorulmadan, heç bir güzəştə getmədən torpaqlarımızı işğal edən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. İkinci Qarabağ müharibəsinə qədərki dövrdə bütün beynəlxalq arenalarda, ən yüksək kürsülərdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tarixi Zəfəri ilə sübut etdi. «Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması danışıqların mövzusu ola bilməz”» prinsipinə sadiq qalan Prezident İlham Əliyev «Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir… Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz» sözlərinə 44 gün davam edən Vətən müharibəsindəki qazandığımız Zəfərlə möhür vurdu.

İradəsi, qətiyyəti ilə Ermənistanın baş naziri Nikol Paşinyana Soçidə «Valday»” forumundakı çıxışı ilə siyasət dərsi keçən Prezident İlham Əliyevin «Mən Ermənistan baş nazirinin, təəccüb doğuran «Qarabağ Ermənistandır və nöqtə”» bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri bu gün də lider qətiyyətinin nümunəsi kimi dillər əzbəridir.” 30 il supergüclərin planlaşdırdıqları siyasət dolaylarında həllini gözləyən və artıq tarixə atılan qondarma «Dağlıq Qarabağ münaqişəsi»nin həllinə ikili standartlar mövqeyindən yanaşanlara, o cümlədən qəbul etdiyi 4 qətnamənin icrası ilə maraqlanmayan BMT-yə müraciət edərək Ermənistanın yeritdiyi işğalçılıq, soyqırımı və etnik təmizləmə siyasətinə son qoyulmasını, dövlətimizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ərazilərinin bərpasını, məcburən daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsini tələb edən dövlət başçımız İlham Əliyev dəfələrlə vurğuladığı «Əgər sülh danışıqları nəticə verməyəcəksə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək» sözlərini də reallaşdırdı. 27 sentyabr 2020-ci ildə əlavə torpaqlar işğal etmək üçün Azərbaycana hücum edən Ermənistanın törətdiyi təxribatlara cavab verməklə başlanan, region, hətta dünya üçün yeni tarixə çevrilən işğalçı üzərindəki Zəfərimiz 30 il yalanları ilə dünya ictimaiyyətini aldadan ikili standartlara da son qoydu. Dövlət-xalq-ordu birliyi, Prezident İlham Əliyevin siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgər və zabitlərinin yüksək peşəkarlığı ikili standartlara qalib gəldi, Ermənistan kapitulyasiyaya məruz qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi, hərbi lider olaraq 44 gün ərzində informasiya cəbhəsində, diplomatiyada durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu. Həqiqət və ədalət uğrunda «vuruşmada» ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də «qeyri-kafi» qiymət alaraq « sinifdə qaldılar.»

Təəccüblü odur ki, Vətən müharibəsinin davam etdiyi günlərdə belə Ermənistanı dəstəkləyən dövlətlərin təlimatlandırdıqları jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana qarşı qərəzli informasiya müharibəsini davam etdirərək təxribat xarakterli əməllərindən əl çəkmədilər. Prezident İlham Əliyev isə belə sualların «müəlliflərini» məntiqli cavabları ilə susdurdu, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə xalqımızın haqlı olduğunu faktlarla sübut etdi.

Almaniyanın ARD televiziya kanalı jurnalistinin «Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualına Prezident İlham Əliyevin « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik» cavabı ermənipərəst dairələrə ədalət dərsi oldu. ABŞ-ın «Fox News»” televiziya kanalını təmsil edən jurnalistin qərəzli «… Bir çox məlumatlara görə, sentyabrın 27-də – müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz”» sualını «Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər» sözləri ilə cavablandıran Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan xalqı bu müharibədə haqq-ədalət uğrunda vuruşdu və qalib gəldi.

«Əl-Ərəbiyə»” televiziya kanalına müsahibəsində Fransanın qərəzli mövqeyinə sərt münasibətini «Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar» sözləri ilə bəyan edən dövlət başçımız ölkəmizə qarşı təxribatlar törədən, aksiyalar təşkil edən, Azərbaycanın haqq işinə qərəzli yanaşanları məntiqli açıqlamaları, ədalətin hökmü, zamanın diktəsi ilə susdurdu.
Beləliklə, dövlət başçımızın siyasəti ikili standartlara bütün sahələrdə qalib gəldi. Azərbaycan üçün yeni tarixin başlanğıcı olan, dünya ictimaiyyətinin bütün nəzərlərinin Azərbaycana yönəldiyi, Milli Ordumuzun əsgər və zabitlərinin döyüş təcrübəsinin XXI əsrin müharibə tarixinə yazıldığı günlərdə dövlət başçımız İlham Əliyevin qətiyyəti xalqımızın əzmkarlığını artırdı. Bütün dünya azərbaycanlıları Qələbə mesajlarını səbrsizliklə gözləyirdilər. Lider-xalq birliyinin inamını əks etdirən, «Azadlıq» meydanında «Dəmir yumruq» adlı Zəfər raradı xalqımıza qarşı ikili standartlar mövqeyindən yanaşanlara heç vaxt unutmayacaqları dərs oldu. İkinci Qarabağ müharibəsi başlanan gündən Azərbaycanın yanında olduğunu bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə çiyin-çiyinə Zəfər paradını izləməsi iki dövlət arasındakı tarixi yaxınlaşmanın, türk dünyası birliyinin Zəfəri idi. Prezident İlham Əliyev isə Azərbaycanın qəhrəmanlıq simvolu olmaqla, bu dünyanın önündə addımlayan lider haqqı qazandı.

Daha çox xəbərlər