Cəmiyyət 

Gənclik bugünümüz və gələcəyimizdir

“Gənclər siyasəti haqqında” Qanun ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanuna görə,  gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən müvafiq ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.

Bu gün Azərbaycan gəncliyi cəmiyyətimizin fəal hissəsidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının  təmin  edilməsidir.

Vaxtilə ulu öndər Heydər Əliyevin bir çox addımları ilə bərabər, Azərbaycanın gənclər siyasətinin formalaşmasına dair apardığı siyasətin bariz nümunələri indi də ölkə gəncliyinin, cəmiyyətin inkişafına töhfə verir. Lakin indiki mənzərə uzun və qətiyyətli yolun, düşünülmüş siyasətin nəticəsidir. Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını vacib hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.

Qeyd olunan illərdə Azərbaycan böhrandan təzə çıxırdı. Ölkədə iqtisadi vəziyyət heç də ürəkaçan deyildi.  Çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin düzgün qərarı Azərbaycan gəncləri üçün yeni imkanlar açdı, yeni şərait yaratdı.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.

Gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə Prezidenti  İlham Əliyev 30 avqust 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. 2005-2009-cu illər üçün nəzərdə tutulmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın məqsədi gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək üçün sosial-iqtisadi və təşkilati-hüquqi şərait yaratmaq idi. Dövlət Proqramının məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu: gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;  gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;  gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi; istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;  gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;  sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi;  gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi; ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatın formalaşması və inkişafı üçün şəraitin yaradılması;  gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Hazırda Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti gənclərdir və hər bir vətənpərvər gənc müstəqil Azərbaycan Respublikasının vətəndaşı olması ilə qürur duyur, haqlı olaraq fəxr edir. Müxtəlif sahələrdə çalışan intellektli gənclərimizin ölkənin hərtərəfli inkişafında böyük rolu var. Onların hər biri ölkənin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclərimizin keçdiyi bu yolun uğurları fonunda onların tarixi Zəfərimizin əsas qəhrəmanları olduqlarını böyük fəxr və qürur hissi ilə qeyd edirik. Ulu öndər Heydər Əliyevin “Gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan gəncliyi milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidir. Tarixi Zəfərimizin əsas iştirakçıları 2003-cü ildən sonrakı dövrdə böyüyən gənclikdir.

Daha çox xəbərlər