Rusiyaya toylara gedən müğənnilər də ziyanda – kimisi 50 min, kimisi isə…
“Çox çətindir, inşallah, tezliklə düzələr”
Məlum olduğu kimi, azərbaycanlı müğənnilərin əksəriyyəti əsas qazancını Rusiyada yaşayan azərbaycanlıların toylarında oxumaqla əldə edirdi. İndi isə Rusiya Amerikanın, Avropa Birliyi ölkələrinin sərt iqtisadi sanksiyaları ilə üzləşib deyə, iqtisadi vəziyyət çətinləşib. Rus rublu inflyasiyaya uğrayıb, iqtisadiyyat alt-üst olub. Belə vəziyyətlə üzləşən ölkədə toy bazarı zəifləyir.
Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldığı üçün ziyana düşən müğənnilərdən biri Şəbnəm Tovuzludur. Olay.az-a açıqlama verən müğənni bildirib ki, buna görə nə az, nə çox, 50 min manat qonorarı “batıb”: “Vəziyyətim çox pisdir. Hazırda martın sonuna kimi Rusiyada 7 toyum naməlum vəziyyətdə qalıb. Çox pis olmuşam. Toy sahibləri də çarəsizdir. Bilmirəm necə olacaq. Xeyli biletimiz, 50 min manata yaxın qonorarım ”batdı””.
Müğənni Vəfa Şərifova isə vətənə geri dönə bilmədiyini deyib. Hazırda Moskvada olan sənətçi iki gün öncə İnstagram hesabında paylaşdığı videoda bildirmişdi: “Rusiyada tək ölkə xarici deyil, həm də daxili uçuşlar da ləğv olunur, ya da tarixi dəyişdirilir. Aeroportlarda qalmışıq. Çox çətindir. İnşallah tezliklə düzələr”.
Rusiya toylarına ən çox dəvət alan müğənnilərdən olan Afət Fərmanqızı da “Yeni Müsavat”a açıqlamasında bildirib ki, artıq problemlə üzləşib:

Afət Fərmanqızı
“Martın sonunda Rusiyada iki toyum var. Biri Tümendə, digəri isə Saratov bölgəsindədir. İkisinə də hələ ki gözləmə mövqeyindəyik.
30 martda olacaq Tümen toyu ilə bağlı başımıza belə bir iş gəldi. Biz Bakıdan Samaraya, oradan da Tümenə uçmalı idik. Samaradan Tümenə olan uçuş ləğv olundu. Bu səbəbdən ev sahibi bileti Samaradan Yekaterinburqa aldı və ikinci dəfə xərcə düşdü. Bildiyiniz kimi, uçuşların hamısı ümumiyyətlə ləğv olunub. İndi söhbət gəzir ki, Bakıdan Moskvaya uçuş açılacaq. Lakin hələ ki gözləyirik. Belə olarsa, ev sahibi üçüncü dəfə xərcə düşəcək. Təsəvvür edin ki, biz də komanda olaraq gedirik və 9 nəfərik. Martın əvvəlinə olan dəvətləri isə qəbul etməmişdim, çünki burada Bakı və digər bölgələrimizdən toy dəvətlərim var idi. Ümumiyyətlə, mən həmişə bu prinsiplə yaşamışam, heç nə olmaz, qonorar bir qədər az olsun, amma evimin içində olsun. Qeyd edim ki, Rusiyadan yenicə dönmüşəm. Belə ki, fevralın 14-21-i orada idim. Bu müddət ərzində iki konsert proqramı ilə Moskvada çıxışım oldu. Mən orada olanda dollar stabil idi. Artıq ikinci konsertimin səhəri günü rus pulunu dollara çevirəndə ajiotaj yaranmışdı ki, “dollar qalxıb, üzü yuxarı gedir”. Bakıya gələndən 3-4 gün sonra isə müharibə, qırğın başladı. Allah xalqımızı qorusun, görək nə olur…“
Fədayə Laçın
Artıq bir müddətdir ki, oğlu ilə birgə Rusiyada yaşayan müğənni Fədayə Laçın isə toy bazarında heç bir dəyişiklik olmadığını dedi: “Burada yaşadığım üçün mənə heç bir narahatlıq yoxdur. Sadəcə, Azərbaycanda yaşayan sənətçilər bir müddət bura gələ bilməyəcəklər. Ola bilsin ki, kimsə toy danışıb, lakin artıq gələ bilmədiyi üçün ziyana düşsün. Bundan başqa problem yoxdur. Yəni əgər toy, pul qazanmaq barədə soruşursuzsa, Rusiyada toylar öz qaydasındadır”.

Pərvin Səfərov
Bir müddət əvvəl Rusiyada toy biznesinə qoşulan müğənni Pərvin Səfərov isə vəziyyətin yaxşı olmadığını dedi: “Mən yanvar-fevral aylarında Rusiyada oldum, indi isə Bakıdayam. Rusiyada olduğum vaxtda da toy bazarı zəif idi, toylar o qədər də çox deyildi. Ümumilikdə, Rusiyada adətən qış aylarında toylar az olur və yaz fəslindən başlayaraq artmağa başlayır. İndi isə vəziyyət çox pisdir. Təkcə toy bazarında deyil, bütün iqtisadi sahələrdə belədir. Bildiyiniz kimi, orada xeyli sayda azərbaycanlı biznesmenlər var, hərəsinin öz gəlir sahəsi var. Ukrayna müharibəsi onlara da təsir edib.
Azərbaycandan Rusiyaya birbaşa uçuşlar ləğv olunduğuna görə Qazaxıstandan, Türkiyədən uçmaq olur ki, bu da baha başa gəlir. Beləliklə, orada bütün sahələrdə, o cümlədən toy bazarında hazırkı vəziyyət pisdir”.

