Qəhrəman Elgünün Vətən sevgisi
44 günlük İkinci Qarabağ müharibəsində döyüşdən-döyüşə atılan, Vətən sevgisini öz qanı hesabına torpağa yazan igid oğlanlardan biri də Elgün Tahir oğlu Mövlanovdur. Lerik şəhərində dünyaya göz açan Elgünün ömrü 18 il çəkdi. Özünü dərk edən gündən Vətənə bağlanır, elə bu müqəddəs yolda şəhidlik zirvəsinə ucalır. Və tutduğu yol canından artıq sevdiyi doğma Azərbaycan var olduqca Elgünü Vətən səmasının parlaq günəşinə döndərir. Xalqın qəlbində yaşamaqla dövlətdə öz qəhrəman oğlunu ölümündən sonra “Vətən uğrunda” medalına layiq görür.
Elgün halal, el-obanın qeyrətini çəkən, doğma Vətəninə bağlı bir nəslin nümayəndəsidir. Məhz buna görə də Azərbaycanın müqəddəsliyi ona hər şeydən əziz idi. Odur ki, canına yağı dadanmış əzəli, əbədi yurd yerimiz Qarabağın taleyi onu çox narahat edirdi. Vətənə məhəbbət, düşmənə amansız nifrət Elgünü hər an döyüş meydanına səsləyirdi. O, 2020-ci ildə ordu sıralarına yola düşür. Ön cəbhədə Vətən torpaqlarını göz-bəbəyi kimi qoruyur, əsgəri borcunu şərəflə yerinə yetirir. Və günü-gündən azğınlaşan erməni dığalarına qan qusdurmaq üçün Ali Baş Komandanın əmrini gözləyir.
Nəhayət, 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanır. Köksündə əsl qəhrəman ürəyi döyünən Elgün Vətən naminə çəkinmədən odun-alovun içinə atılır. Bir amalı olur: torpağı qanı bahasına qorumaq, mübarizliklə yağının ilan başını əzib qalib gəlmək. Dağlar diyarın igid oğlu yağıya qarşı üç gün döyüşür. Sentyabrın 30-da Goranboy rayonun Ağcakənd istiqamətində gedən ağır müharibədə yağı gülləsinə tuş gəlir. Savaşda olduğu günlərdə düşmənlə qeyri-bərabər döyüşlərdə yaşının çərçivəsinə sığmayan bir qəhrəmanlıq göstərir. Ən əsası Vətənin şərəfini uca tutmaqla ondan ”oğul” adını ala bilir. Və bu, uca, müqəddəs adı torpaq uğrunda axıtdığı qani ilə əbədi olaraq möhürləyir. Sevdalandığı Vətən adlı sevgilisinin sinəsinə əbədi baş qoyduğu yer isə Lerik şəhərinin “Şəhidlər” xiyabanıdır.
İndi Lerik camaatı öz qəhrəman oğlu Elgünün adını hər yerdə qürurla çəkir, əziz xatirəsinə ucaldıqları bulaq kompleksini özlərinə müqəddəs and yeri bilirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

