YAP Bərdə rayon təşkilatı 29-cu ildönümünü işğaldan azad edilmiş Ağdamda qeyd edib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə partiya fəallarının, gənclərin və rayonun bir qrup şəhid anaları və ailələrinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri təşkil olunub.
ARANTV.AZ xəbər verir ki, səfər iştirakçıları ermənilər tərəfindən viran edilmiş Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın İmarət kompleksini, Çörək muzeyini, Cümə məscidini, Şəhidlər xiyabanını, Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət ediblər. Şəhidlər xiyabanında şəhid məzarları önünə əklil və gül dəstələri qoyularaq respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilib.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Şahbulaq qalasının həyətində çıxış edərək, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında yaratdığı reallıqlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətimizin qüdrətlənməsi yolunda aparılan uğurlu daxili və xarici siyasətdən danışıb. 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin məhz bu uğurlu, güclü siyasətin və sarsılmaz xalq-iqtidar birliyinin nəticəsi olduğunu bildirib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına işğaldan azad edilmiş torpaqlarımıza qovuşmağımızın hər birimiz üçün ən böyük sevinc və qürur mənbəyi olduğu vurğulanıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülmüş şəhid Asif Abışovun anası İsbət Hətəmova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib, azad olunmuş bu müqəddəs torpaqların onlar üçün ən böyük hədiyyə olduğunu bildirib.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya təşkilatın yaradılmasının 29-cu ildönümü münasibətilə şəhid anaları və ailələrinə hədiyyələr təqdim edib.


