Bəlkə səhv deyirəm?
10 ildən artıqdır ki, Azərbaycandakı siyasi şərhçilərin, icmalçıların, politoloqların bu istiqamətdəki yazılarını mütəmadi olaraq izləyirəm. Doğrusunu deyim ki, siyasi fonlu, ağırlıqlı yazıların dili rəngli deyil. Əksinə, ya qaradır, ya da bozdur. Hətta siyasətçilərdən açıqlama alan siyasət yazarları, jurnalistlər də onların dilindən səslənən fikirləri boz formada təqdim edirlər. Bu da istər-istəməz bu sahəyə marağı olanları, mütəxəssisləri, ən əsası, sadə oxucuları yorur.
Siyasi yazıların dilinin boz və ya qara olmasının bir neçə səbəbi ola bilər.
Birincisi, bu mövzuda yazan şəxslərin Azərbaycan dilini olduqca zəif bilməsidir. Ən azından onların tozlu yazı və yanaşma pəncərələrindən bu mənzərə görünür.
İkincisi, siyasi yazarların, icmalçıların dilin imkanlarından – xüsusən də folklorumuzdan öz yazılarında istifadə etməməsini misal göstərmək olar.
Üçüncü nüans: həmin şəxslərdə sözlə oynamaq qabiliyyətinin zəif olmasıdır – desəm, yanılmaram.
Düşünürəm ki, yerli analitiklər, icmalçılar və şərhçilər ən azından Türkiyə, Rusiya, Qərb mediasının təcrübələrini öyrənsinlər. Onların siyasi məsələlərə yanaşmalarını daha bir üst səviyyədə Azərbaycan mediasında tətbiq eləsinlər.
Tutaq ki, “Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv siyasəti sülhə mane olur” – kimi ağır ifadəni işlətməkdənsə qısa formada “Nikol Paşinyan sülhün əmcəyini kəsdi” cümləsini işlətmək daha dilə və dodağa yatımlıdır.
Və ya başqa bir misal: “Ukrayna Rusiya ilə Qərb arasında plazdarma çevrilib” fikrinin yerinə “Ukrayna ruslarla avropalıların döyüş meydançasına dönüb” – yanaşması qulaqlara daha xoş gəlir. Amma birinci cümlə o qədər yorucudur ki, az qala oxucu mətni yarımçıq qoyub öz qulağına qurğuşun töksün.
Bu kimi misalların sayını xeyli artırmaq olar; “Ərdoğan və Əliyev qlobal sülhün əsas oyunçularıdır” ifadəsinin yerinə “dirijorlarıdır” – demək daha oynaq və qanadlı ifadə deyilmi?! Təklənən bir siyasətçinin təsirini verərkən niyə də “anası ölmüş Putin” ifadəsini səsləndirməyəsən?! Ukraynada “rus qoşunları silahlarını atıb qaçırlar” cümləsinin xəbərini “dabanına tüpürüb”, “daban əlaltı qaçırlar” kimi ifadələr niyə işlətməyəsən?! Prosesləri “ofsaytdan” izləyən Gürcüstanla bağlı niyə “Tiflis ağzına su alıb oturub” ibarəsini işlətməyəsən ki?! O zaman yazı həm oxunacaq, həm IP gətirəcək, həm də onu yazanın imzasını tanıdacaq.
Siz Stalinin və əmvatının goru, bəlkə səhv deyirəm?!

