Yeni körpülər yeni reallığın nəticəsi olacaq
Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması uzaq hədəflərə hesablanıb.
Memorandumda nəzərdə tutulan dəmir və avtomobil yolları üçün körpülərin Araz çayı üzərindən salınması Naxçıvan MR ilə Şərqi Zəngəzur arasında əlaqələri təmin etməklə yanaşı beynəlxalq tranzit yükdaşımalarda da rol oynayacaq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan İran ilə həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi meqa-layihənin formalaşması istiqamətində tərəfdaşlıq edirlər. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşınacaq.
Araz çayı üzərində salınacaq körpülərdən regionun bütün ölkələri istifadə edə bilərlər. Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə kimi dövlətlər İran ilə nəqliyyat əlaqələri qurmaqla yanaşı, Cənub-Şərqi Asiya və körfəz dövlətləri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirə bilərlər.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 800 milyona yaxın əhalisi olan 40-dan çox dövləti – Avropa ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bu böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan üzərindən qurulması ölkənin iqtisadi inkişafının yeni mərhələsidir.
Beynəlxalq ekspertlərin hesablamalarına görə yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyardı aşacaq. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi Araz çayı üzərində salınacaq yeni dəmir yolundan keçsə Azərbaycan ilə İran ildə 2,5 və ya 3 milyard dollar tranzit gəlir əldə edəcəklər. Regionun digər ölkələrinin nəqliyyat kommunikasiya sistemlərinin inkişafına və iqtisadiyyatın dirçəlməsinə böyük zəmin yaradacaq.
Təsadüfi deyil ki, Bakıda Memorandum imzalanandan sonra mətbuata açıqlama verən İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi bu razılaşmanın İran üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bu yollar və körpülər sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatı üçün doğurdan da çox böyük mahiyyətə malikdir. Gürcüstanın isə İran ilə dəmir yolu əlaqəsi yaranır ki, bu da onun nəqliyyat, ticarət, turizm və digər sahələrdəki inkişafı üçün əlavə stimul olur.
Göründüyü kimi Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələrin inkişafa doğru irəliləməsi və regionun başqa dövlətlərinin bundan faydalanması Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin yaratdığı yeni reallıqlardır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

