Məhsul bol, qiymət ucuz: Fermerlər mal satmaq istəmirlər – VİDEO
Keşniş, şüyüd, vəzəri, ispanaq və digərləri. Demək olar ki, ilin bütün fəsillərində məhsullara tələbat böyükdür. Amma bu mövsüm təsərrüfatçıları narazı salan bəzi məqamlar var.
Məhsul bol olsa da amma satışı sərf etmir. Sabirabadlı fermerlər satdıqları məhsulun çox ucuza alınmasından şikayətçidirlər.
Əliniyaz Həsənov Sabirabad rayonunun Əsədli kənd sakinidir. Deyir ki, illərdir qış aylarında dolanışığını tərəvəz əkib-becərməklə təmin edir. Bu il də 20 sot sahədə müxtəlif tərəvəz məhsulları yetişdirib. Sentyabr ayında əkini aparılan göyərtinin noyabr ayından dərimi başlayıb və mart ayına qədər aparılacaq. Amma bu il əkdiyi məhsuldan istədiyi nəticəni əldə etsədə, amma satışına bunun şamil olunmadığını deyir.
Tərəvəz Sabirabadın bir çox kəndlərində, eləcə də Əsədli kəndinə qonuş olan kəndlərdə də əkilir. Əsasən pay torpaqlarında becərilir. Təlabatı böyük olan məhsul əsasən yerli bazara çıxır. Alıcı qüvvəsi də var. Amma, topdansatış qiyməti təsərrüfat sahiblərini razı salmır. Onlar bildirir ki, hazırki qiymət çəkilən zəhməti qarşılamır.
Kənd sakinlərindən ucuz qiymətə alınan hələlik keşniş, şüyüd, vəzəri, göy soğan və ispanağdır. Turpun qiyməti isə bunlardan bir qədər fərqlidir. Təsərrüfat sahibləri qeyd edir ki, qiymət adətən hava şəraiti ilə əlaqəli dəyişir.
Təsərrüfat sahibləri həmçinin onu da bildirir ki, bu il məhsuldarlıq yaxşıdır. Qiymətin də ucuz olması bolluqla əlaqələndirilir. Amma, kənar rayonlarda, eləcə də Bakı şəhərində sahədə satılan qiymətdən iki dəfə artıq qiymətə satılır. (xəzərxəbər)

