Torpaqdan həyatımızın müxtəlif sahələrində istifadə olunması
Torpaq Yer kürəsinin üst hissəsini əhatə edir. Torpaq, süxurların fiziki-kimyəvi proseslər nəticəsində daha kiçik hissələrə parçalanması nəticəsində yaranır. Torpağın tərkibi onun yarandığı ana süxurlarla müəyyən edilir. Torpaq yalnız qaya və qum parçalarına deyil, eyni zamanda mikroskopik heyvanlara, bakteriya və göbələklərdən tutmuş böcəklər, yer qurdları kimi bir çox canlılara ev sahibliyi edir və kompleks bir ekosistem yaradır. Torpağın istifadəsi kənd təsərrüfatı, tikinti, tibb və kosmetika sənayesi daxil olmaqla çoxçeşitlidir.
Kənd təsərrüfatı, parklar və bağlar. Hidroponika və akvakultura istisna olmaqla, quruda istehsal olunan bütün bitkilər və qidalar torpaqdan asılıdır. Meyvə ağacları, taxıl bitkiləri və mal-qara və digər heyvanların otarılması üçün otlar sağlam və məhsuldar torpağa əsaslanır. Sahədə məhsul yetişdirməklə yanaşı, ictimai parklar və botanika bağları üçün də lazımdır. Kölgəverən ağaclar, istirahət və oyun meydançalarını təmin edən otlar, bəzək çiçəkləri yaşamaq üçün torpağa ehtiyac duyur.
Torpaqlar xüsusiyyətlərinə görə fərqli ola bilər və hər bir torpaq növü üçün düzgün məhsul seçmək çox vacibdir. Bitki və meyvə, tərəvəzlər onların yetişmə, torpaq mühitinə görə fərqlənir. Ona görə də hər hansı bir məhsulu yetişdirərkən onun tələb etdiyi təbii şəraiti nəzərə almaq lazımdır.
Bina və İnşaat. Tikintidə istifadə olunan əskər materiallar Yerin daxilindən gəlir. Dəmir, alüminium, qalay və digər metallar yüksək konsentrasiyası olan daşlardan və torpaqlardan çıxarılır. Şüşə qum və əhəng daşından hazırlanır. Əhəngdaşı yer səthində daha geniş yayılıb. Əhəngdaşı həm də sement istehsalının mühüm tərkib hissəsidir. Tikintidə geniş istifadə olunan başqa bir material gildir.
Ekosistemdə torpaq. Torpaqlar çoxlu miqdarda yağış suyunu udur, bu da landşaft daxilində suyun tənzimlənməsinə və aşağı axında daşqınların azalmasına kömək edir. Su, qaya və torpaqdan süzüldükdə çirklərdən və bakteriyalardan təmizlənir, suyun keyfiyyətinin qorunmasında mühüm rol oynayır.
Torpaqlar həmçinin üzvi maddələr şəklində böyük miqdarda karbonu saxlaya bilər. Bitkilər böyüdükcə, fotosintez edərkən, atmosferdə olan karbon qazını havadan udaraq, kökləri vasitəsilə yerə göndərir. Təhlükəsiz halda olduqda, bu karbon torpaqda uzun müddət qala bilər. Bununla belə, torpağın təmizlənməsi və ya şumlanmasının pozulması karbonun yenidən atmosferə buraxılmasına səbəb olur.
Gözəllik məhsulları və dərman vasitələri. Bir çox ümumi gözəllik məhsulları inqrediyent kimi torpaqdan istifadə edir və min illərdir ki, istifadə olunur. Gil torpaqlar bir çox ənliklərdə və tonal kremlərin tərkibində istifadə olunur. Bunlar müxtəlif rəngli gildən istifadə etməklə və ya malaxit, azurit və cinnabar kimi minerallardan çıxarılan piqmentlər əlavə etməklə dəyişdirilə bilər. Gillə zəngin olan torpaqda cavanlaşdırıcı xüsusiyyətlərinə görə əsrlər boyu istifadə edilmişdir. Palçıq vannaları, üz maskaları və hətta diş pastaları minerallarla zəngin gillərdən hazırlanır.
Bugünkü dərmanların çoxu – antibiotiklər, antidepresanlar və antifungallar – torpaqda yaşayan bakteriya və göbələklərdən hazırlanmışdır. Bir qram torpaqda milyonlarla bakteriya və minlərlə göbələk, çoxlu müxtəlif növ və həyat formaları var. Bunların bir çoxu elmə məlum deyil və hesab edilir ki, bu dünyanın yeni dərman və müalicə vasitələrinin inkişafında böyük potensialı var.
Torpaqlar həyatımızın əvəzedilməz tərkib hissəsidir. Belə bir dəyərli sərvəti qorumaq, saxlamaq, qulluq etmək böyükdən kiçiyə hər birimizin amalı olmalıdır.
Aytac Quluzadə,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı

