Cəmiyyət 

“Azərbaycan” pavilyonunda Novruz şənlikləri keçiriləcək

Martın 19-20-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Novruz şənlikləri keçiriləcək.

ARANTV.AZ xəbər verir ki,  pavilyonun qonaqları Azərbaycanın qonaqpərvərliyi və baharı qarşılama mərasimi ilə tanış ola biləcəklər. İki gün ərzində pavilyonda Azərbaycanda Novruz adət-ənənələri, o cümlədən od üstündən tullanma, səməni, xonça və s. bəhs edən ekskursiyalar təşkil olunacaq. Pavilyonun ziyarətçiləri bayram adətlərinin sirlərini öyrənəcək və tədbirlərdə iştirak edə, mini yarmarkada ənənəvi Azərbaycan çayının dadından həzz ala, bayram konserti çərçivəsində klassik musiqini dinləyə və ənənəvi şirniyyatların bəzədilməsi üzrə ustad dərslərdə iştirak edə biləcəklər.

Bu günlərdə, həmçinin Azərbaycan xalçalarının sehrli dünyasına ekskursiyalar təşkil olunacaq. Pavilyonun meydançasında Heydər Əliyev Fondunun və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə “Azərbaycan xalçaları: yeni baxış” sərgisi açılıb.

“Qara Qarayevin qonaq otağı” beynəlxalq layihə çərçivəsində keçiriləcək bayram konsertində Rusiyanın və Azərbaycanın Əməkdar artistləri, “Rus Baleti” Dövlət Akademik Balet Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları, Moskva Konservatoriyasının, musiqi kolleclərinin və məktəblərinin tələbələri, məzunları və şagirdləri iştirak edəcəklər. Konsertin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu il eyni vaxtda iki əlamətdar tarix: Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin eyniadlı poeması əsasında Qara Qarayevin yaratdığı “Yeddi gözəl” baletinin premyerasının 70 illiyi, eləcə də Q.Qarayevin müəllifi olduğu “İldırım yolu” baletinin 65 illiyi qeyd olunur.

Tədbir “XTNS” ASC-nin dəstəyi və “Mir” dövlətlərarası teleradio şirkətinin informasiya dəstəyi ilə keçiriləcək.

Daha çox xəbərlər