Bayrama sayılı günlər qala qiymətlər endi – Yarmarkalardan REPORTAJ
Novruz bayramının gəlməsinə sayılı günlər qalıb. Demək olar ki, bütün ailələr büdcəsinə uyğun bayram süfrəsininin hazırlığını görür. Şəkərbura, paxlava, plov, çərəzlər, meyvələr bayram süfrəsinin əvəz edilməz bəzəyidir. Alıcılar isə qiymətlərin bahalaşmasından narazı olduqlarını bildirirlər.
Bəs bu il qiymətlərdə nə qədər artım var? Əsasən yerli yoxsa xarici məhsullara üstünlük verilir?
Musavat.com-un əməkdaşı olaraq bir neçə yarmarkalarda olub, qiymətlər və ümumi vəziyyətlə maraqlandıq.
İlk olaraq Nizami rayonunda qurulan yarmarkaya üz tutduq. Məlum məsələdir ki, bayram qabağı qiymətlər qaldırılır. Müşahidə etdik ki, yarmarkalarda alıcı sayı ötən ilə nisbətən azalıb. Qiymətlər isə mağazalara nisbətən ucuzdur.
Yarmarkada fındıq ləpəsinin kiloqramı 13 manat, qoz ləpəsinin 12-17 manat, hind qozu 22 manat, badam 5 manat, xurma 2-4 manat, innab 4 manat, şabalıd 7 manatdan başlayaraq satılır. Saray badamı hər il olduğu kimi bu ildə bahadır, onun qiyməti 17 manat təşkil edir. Müşahidələrimizə əsasən adətən İrandan gətirilmiş çərəzlərə tələbatın çox olduğunu müşahidə etdik. Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, qiymətlər artıq daha da azalmağa doğru gedir bunun səbəbi isə alıcı sayının az olması ilə əlaqədardır. Onlar həmçinin ötən ilə nisbətən bu il alıcı sarıdan korluq çəkdiklərini bildirdilər.
![]()
Satıcılar qeyd edir ki, qiymətlər keçən ilə nisbətən ucuzdur: “Yerli məhsulların qiymətində sabitlik hökm sürür. Artım yerli məhsullarda yoxdur, əsasən xaricdən gətirilən çərəzlərdə 1-2 manat yüksəliş var. Özbəkistandan kişmiş, İrandan xurma, Türkiyədən isə müxtəlif çərəzlər gətirilir. Meyvələrin qiymətində isə artım müşahidə edilmir”.
![]()
Novruz bayramının əsas atributlarından biri də səmənidir. Kiçik ölçülü səmənilərin qiyməti əlçatandır. Onların qiyməti 1-3 manat arasıdır. Səbət halında olan səməninin qiyməti isə 10 manatdır. Alıcılar kiçik ölçülü səmənilərin qiymətindən narazı olmadıqlarını bildirirlər.
Alıcılar qeyd edir ki, qiymətlər baha olduğundan satıcılar bəzən onlara endirimdə edirlər. Yarmarklarda apardığımız müşahidələr zamanı bir məqam da diqqətimizi çəkdi. Bəzi yarmarkaların qiyməti əl yandırır bəzilərində isə qiymətin daha da endiyinin şahidi oluruq.
Flora Əsgərli,
“Yeni Müsavat”
![]()

