Region Xəbərləri 

Azərbaycanın hər uğurunda öz payı olan YAP yeni hədəflərə doğru inamla irəliləyir

Qasım Qasımov,

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri

Müstəqilliyinin yenidən bərpasının 30 ilini  arxada qoyan Azərbaycanın bugünündən dünəninə nəzər saldıqda biri-birindən möhtəşəm uğurlara imza atdığını görür və bundan böyük qürur hissi keçiririk. Bu uğurların təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində yaşananlar yaddaşlardadır. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi tənəzzül yaşanır, torpaqlarımız işğal edilir, xalqın sabaha ümidləri tamamilə itirdi. Belə çətin zamanda xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı  ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini etdi. Həmin müraciətdə dövrün reallıqları öz əksini tapmaqla yanaşı, yaranmış bu çətin vəziyyətdən çıxış yolu da  açıqlanırdı. Bu yol Yeni Azərbaycan Partiyasının yaradılması, ona ulu öndər Heydər Əliyev kimi zəngin idarəçilik təcrübəsinə, siyasi iradəyə malik, qətiyyətli şəxsiyyətin rəhbərlik etməsi idi. Vətənini, xalqını canından artıq sevən Ümummilli Lider Azərbaycanın yaşadıqlarına biganə yanaşa bilmədiyini müraciətə “Yeni, müstəqil  Azərbaycan uğrunda” cavabında ifadə etdi. Beləliklə, ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Bu, tarixdir. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayındakı proqram xarakterli çıxışında bu məqamı xüsusi qeyd etmişdir: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı.»

Bu il 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yola nəzər salsaq sözlə əməl birliyinin, dəyişməz prinsiplərinin ona davamlı  uğurlar qazandırdığını böyük əminliklə qeyd edə bilərik.   Azərbaycanda    müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyası çətinliklərdən uğurla  çıxaraq böyük şərəfli yol keçmiş, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirmiş, özünün «Güclü dövlət, yüksək rifah» prinsipinə uyğun olaraq ölkəmizin daha da qüdrətlənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, əhalinin rifah halının yüksəlməsinə  öz töhfəsini vermiş və cəmiyyətin aparıcı siyasi  qüvvəsi kimi müxtəlif kateqoriyadan olan insanları ətrafında sıx birləşdirərək bu gün gələcəyə doğru inamla irəliləyir.  Böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə milyonların  partiyası imicini qazanan YAP öz adında böyük bir mənanı, məqsədi birləşdirir.

Ulu öndər Heydər Əliyevin  1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.  Ulu öndər Heydər Əliyev  uğurlu,  düşünülmüş və məqsədyönlü  siyasəti ilə Azərbaycanı yenidən qurdu. Ölkəmiz qısa zamanda sabitlik diyarına çevrildi. Ölkəmizin malik olduğu  təbii resurslardan səmərəli istifadəsinə geniş imkanlar açan yeni neft strategiyasının uğurları göz önündədir. Dövlət başçısı İlham Əliyev daim neftlə zəngin ölkələrə diqqəti yönəldərək bildirir ki, bu təbii resurs heç də bütün dövlətlərə uğur gətirmir. Azərbaycanın öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən hazırlaması  qarşılaşdığı bütün çətinlikləri dəf etməsini, eyni zamanda,  əhali arasında təbəqələşmə prosesinin getməməsini şərtləndirdi. Ölkəmizdə neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması  əhalinin yüksək rifahının təmin edilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə  Milli Konstitusiyamız qəbul olundu. İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsası kimi öndə saxlanıldı.  Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı zamanı ölkədə yaşananlara baxış fonunda bu inamı ifadə etmişdir ki, tezliklə bu çətin günlər keçib gedəcək, hər bir azərbaycanlı belə qüdrətli, zəngin dövlətin vətəndaşı olması ilə fəxr edəcək.  Ulu öndər Heydər Əliyev, eyni zamanda, bu inamı da ifadə edirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq.

1993-2003-cü illər Azərbaycan tarixində dirçəliş, inkişaf dövrü kimi xarakterizə olunur. Bu illərdə yaradılan möhkəm təməl sonrakı illərdə Azərbaycanın daha möhtəşəm uğurlar qazanmasını şərtləndirdi. Ulu öndər Heydər Əliyev 2003-cü ildə  inam və etimadın növbəti ünvanını göstərəndə bu əminliyi də ifadə etmişdir ki,  sona çatdıra bilmədiyi layihələri, işləri  cənab İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə başa çatdıracaq. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ümummilli Liderin  müraciətini böyük rəğbətlə qarşılayan xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində fəal iştirakı, verdiyi səslərlə təsdiqlədi. İllər keçdikcə Azərbaycanın uğurlarının davamlılığı, verilən hər vədin konkret əməli işdə öz təsdiqini tapması xalqın öz seçimində yanılmadığını təsdiqlədi.  Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman çıxışlarında  1993-cü ildəki Azərbaycanla  bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müasir  müstəqil  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Möhtərəm Prezidentimiz bu müqayisəli təhlili də aparır ki, o vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda  sabitlikdir:  «O vaxt Azərbaycanda  hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada  ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı.  Bu gün Azərbaycanda  milli birlik, milli həmrəylik mövcuddur.  O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı  dairələri etiraf edir ki,  Azərbaycan ən qüdrətli  ölkəyə çevrilməkdədir.  Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur.»    Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da hər zaman önə çəkilir ki, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir.  Ölkəmizin uğurlarında partiyanın rolu böyükdür.

Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təmələ, bazaya əsaslanaraq inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Uğurlarımızın zirvəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi  Zəfərimiz dayanır. Azərbaycanın artan iqtisadi qüdrəti bütün sahələrdə mühüm addımların atılmasına geniş imkanlar açdı ki, bunun uğurlu nəticələrini bugünkü Azərbay canın uğurlarında görürük. Ordu quruculuğu sahəsində əldə edilən müsbət nəticələr Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını şərtləndirdi və 30 illik işğala 44 gündə son qoyulmasını təmin etdi. Bu gün böyük fəxr hissi ilə tarixi Zəfərimizin yaratdığı reallıqlardan bəhs edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbəmizlə adını  tarixə qalib Sərkərdə, xalqımız yenilməz, məğrur xalq, Azərbaycan Ordusu rəşadətli ordu kimi yazdı.

Tarixi Zəfərimizin reallıqlarına söykənərək VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar, formalaşan yeni tərkib qarşıya qoyulan hədəflərin  uğurlu icrası üçün ciddi səylər göstərir. Hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən partiyanın hər bir üzvü  ölkəmizin uğurlarına töhfə verməyə çalışır.  Partiyanın VII qurultayında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bir daha  bu fikri böyük inamla bildirdi ki,  Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.

Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının yeni Proqramında yer alan hədəfləri sırasına işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış da əlavə olunub. Bu,  partiyanın hər bir üzvünün böyük səbirsizliklə gözlədiyi məqsəd idi. Qarabağın və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsinə öz töhfələrimizi verək!

Daha çox xəbərlər