Region Xəbərləri 

İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi dayanır.

Bərdə Dövlət İdaretmə Və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının nəznində olan Milli Qəhraman Səfiyar Behbudov adına “Hərbi Vətənpərvərlik ” Klubunun sədri Aynur Əliyeva
Bütün bayramlar mahiyyət etibarilə birləşdirici xüsusiyyətə malikdir. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi dayanır.
Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur.
Dünən ilaxır çərşənbənin sevincini yaşasaq da, ənənəmizə sadiq qalaraq Torpaq çərşənbəsi barədə də dəyərli oxucularımıza məlumat vermək istəyirik.
İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik arzulanır. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək – nemət olur.
Torpaq çərşənbəsi mərasim, oyun və şənliklərlə də zəngindir. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxar, təmizlik işləri görər, kütləvi şənliklər keçirər, əmək nəğmələri oxuyardılar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır.
Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir.

Daha çox xəbərlər