Cəmiyyət 

Doğma ərazilərimizdə yüksək səviyyəli həyat bərpa edilir

Otuz il düşmən işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəmini alaraq daha da gözəlləşməyə davam edir. Erməni vandallarının izləri yavaş-yavaş silinərək, düşmənin işğal dövründə xarabalığa çevirdiyi şəhərlər, kəndlər, qəsəbələr indi böyük tikinti meydançasını xatırladır. Yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, tarixi abidələr bərpa edilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Çünki Qarabağın bərpası təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların qurulması –Prezident İlham Əliyev tərəfindən Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının açılışı, habelə tarixi, dini və mədəni abidələrimizin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensialının əyani təzahürü olmaqla bütün dünyada heyrətlə qarşılanır. Bununla yanaşı, Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin Baş planları Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında hazırlanaraq, təqdim edilib.

Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Xüsusi vurğulanmalı məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə icra edilən “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarıdır. Bu konsept üzrə həmin kəndlərdə – şəhərlərdə müasir məktəblər, bağçalar, poliklinikalar və elektron idarəetmə mərkəzləri tikilir, turizm infrastrukturu yaradılır. Bundan əlavə, bütün binalar, obyektlər, kənd təsərrüfatı məhsullarının emalı alternativ enerji mənbələri ilə təmin edilir.

Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, eyni zamanda, Zəngilan və Laçında da yeni aeroportların inşasının reallaşdırılması yönündə işlərə başlanılması, beləliklə, işğaldan azad edilən bölgəmizdə müasir yol-nəqliyyat infrastrukturunun sürətli şəkildə yaradılması da bunun bariz ifadəsidir.

Qarabağ regionunun əsas turizm mərkəzi olan Şuşa şəhəri işğaldan azad ediləndən sonra Prezident İlham Əliyev tərəfindən respublikanın mədəniyyət paytaxtı elan edilib. Azərbaycan Prezidentinin tapşırığı ilə Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, büstü, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi qısa müddətdə bərpa olunub. Şuşada hazırda Aşağı Gövhər ağa və Saatlı məscidlərinin, Mehmandarovların evinin bərpası işləri davam etdirilir. Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi də bərpa olunur. Şəhərin tarixi siması saxlanılmaqla ən müasir formada bərpa edilməsi, dünya standartlarına uyğun turizm infrastrukturunun yaradılması sözsüz ki, Qarabağa turist axınını daha da sürətləndirəcək.

Dövlət başçısı İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı da Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərar olduğunu göstərir. Fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınması, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından xəbər verir.

Qarabağda yenidənqurma və bərpa işləri sırasında ən mühüm yeri ərazilərin elektrik enerjisi ilə təmin edilməsi, bərpa olunan və yeni enerji mənbələrinin yaradılması tutur. Bütövlükdə Qarabağ “Yaşıl enerji” zonası kimi elan edilmişdir. 2021-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və Baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391min ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmışdır. “Yaşıl enerji” konsepsiyası çərçivəsində bərpa edilən enerji mənbələrinin maksimum potensialının hesablanması üçün isə artıq bütün işlər görülüb.

Yeni nəqliyyat-kommunikasiya xətlərinin inşası və tarixən mövcud olmuş yolların bərpası da yenidənqurma işlərinin prioritetini təşkil edir. Burada diqqət çəkən əsas məqamlardan biri uzunluğu 101 kilometr olan Zəfər yoludur. Bu yol bizim mədəniyyət paytaxtımız olan Şuşaya aparır və artıq həmin yol istifadəyə verilib. Hazırda düşməndən təmizlənən sahələrdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların inşası, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə icra olunur.

Daha çox xəbərlər