Abşeron rayonunda Novruz şənliyi keçirilib
Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir.
ARANTV.AZ xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.
Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır.
Daha sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.
Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir.
Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər.
Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur.Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər.
Daha sonra YAP Abşeron rayon təşkikatının sədri Abbas Əliyev çıxış edərək şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edib,bildirib ki, 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.
Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.








