Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşlarına hökm oxunub
Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakim Əli Məmmədov bildirib ki, məhkəmə ibtidai istintaqın fəaliyyətinə tənqidi yanaşır. Bəzi hallarda sübutlar düzgün qiymətləndirilməyib. Bəzi epizodlarda ittiham tərəfi qanunsuz hallara yol verib. Buna görə, bütün təqsirləndirilən şəxslərə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə bəraət verilməlidir.
Təqsirləndirlilən şəxslər dələduzluq yox, rüşvət almada təqsirli bilinsinlər. Həmçinin təqsirləndirilən şəxslərin himayəsində azyaşlı övladlarının olması, ali təhsilli olmaları yüngülləşdirici hal kimi qeydə alınıb.
Hakim deyib ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (sanksiya həddindən daha yüngül cəzanın verilməsi) tətbiq edilməsi ədalətli hesab olunmalıdır.
Daha sonra prosesdə hökm oxnub. Hökmə əsasən Elmar Mirzəyev verilmiş maddə ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ceyhun Şabanov, Emin Xəlilov, Azər Baxşyev, Orxan Zöhranov, Sadiq İsgəndərov və Rafael Əzizova 9 ay müddətində cəza təyin olunub. Onların cəza müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Təqsirləndirilən Mirağa Ağayevə isə bütün maddələrlə bəraət verilib. Təqsirləndirlilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərə 8 ildən 8 il 6 aya qədər həbs cəzası istəmişdi. Həm vəkillər həm təqsirləndirilən şəxslər ittihamçının mövqeyindən narazı qalaraq məhkəmədən bəraət istəyib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

