Gündəm 

Enerji ixracı ölkəmizin iqtisadi və geosiyasi mövqeyini gücləndirir

Diqqət çəkən məqamlardan biri də budur ki, 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır

Qaradağ GES enerjiyə artan daxili tələbatı ödəyəcək, ixrac imkanlarımızı genişləndirəcək

Martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) “Gülüstan” sarayında təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev mərasimdə iştirak edərək bildirib ki, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Ölkəmizin energetikasının durumundan və perspektivlərindən bəhs edən dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır: “Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir.”

Layihənin icraçısı olan “Masdar” şirkətinin enerji sahəsində böyük təcrübəsi var və uzun illərdir ki, bir çox ölkələrdə uğurla fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-BƏƏ ikitərəfli münasibətləri yüksək səviyyədədir. Siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bir sözlə, Azərbaycan ilə BƏƏ arasında əlaqələrin böyük perspektivi var.

Son illər ölkəmizdə energetika sahəsinin inkişafı sahəsində böyük layihələr icra edilib. Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, rekord göstəricidir. Azərbaycan artıq böyük həcmdə elektrik enerjisi ixrac edən ölkədir. Dövlətimizin öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir. Təbii ki, bu yüksək göstəricilər ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.

Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddətdə böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub. Diqqət çəkən məqamlardan biri də budur ki, 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır. 2021-ci ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib.

Sevindirici haldır ki, Azərbaycanın bərpaolunan enerji potensialı da artır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək və oradan xarici bazarlara – Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Dövlət başçımızın əsas məqsədlərindən biri də bundan ibarətdir ki, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Artan enerji ixracı ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini daha da gücləndirəcək, əlavə valyuta qazandıracaq.

Daha çox xəbərlər