Antiinflyasiya tədbirləri: Hədəfdə hansı məhsullardır?
Dünyada ərzaq məhsullarının qiymətinin bahalaşmaqda davam etməsi az imiş kimi, Ukraynada yaranmış məlum vəziyyət diqqəti Azərbaycanda bu ildən həyata keçirilməsinə başlanılan gücləndirilmiş antiinflyasiya tədbirlərinə yönəldir. Bu baxımdan sözügedən məsələ Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilərkən də aktual olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib ki, Ukrayna ətrafında baş verən hadisələr Azərbaycana iqtisadi təsirini göstərəcək. Bu münaqişə qida zəncirinin bütün həlqələrində böyük qırılmalar yaradacaq.
Baş nazir Əli Əsədov bildirib ki, Ukraynadakı hadisələrlə bağlı nəqliyyat-logistika sahəsində ciddi problemlər, qiymət artımları var. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür. Belə ki, Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün tədbirlər həyata keçirilir.
Lakin söhbət taxıldan düşdükdə burada vəziyyət bir qədər fərqlidir. Ə. Əsədov Azərbaycanın bu məhsulu daha çox Şimal qonşumuzdan idxal etdiyini xatırladaraq Rusiya hökumətinin ixrac rüsumlarını 28 dollardan 34 dollara qaldırdığını vurğulayıb. Bununla belə, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı olduğunu diqqətə çatdıran Baş nazir ehtiyatların artırılması istiqamətində də çalışdıqlarını vurğulayıb. Digər tərəfdən, məsələ təkcə taxılla yekunlaşmır.Baş nazir bildirib ki, uşaq qidasından başlamış digər məhsullarda da qiymət artımları var. Hökumət bu məsələləri də həll etməyə çalışır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə belə hesab edir ki, Azərbaycanda inflyasiyanın hədəflənməsi siyasətinin gücləndirilməsi üçün alətlərin zənginləşdirilməsi vacibdir. O, “Antiinhisar fəaliyyəti haqqında” Qanuna və dünya təcrübəsinə istinad edərək bildirib ki, qlobal ərzaq qiymətlərində artım tendensiyasının davam etməsi, bu sahədə həm də qıtlığın olacağı ehtimallarının artması müəyyən müddət üçün həyati vacib məhsulların qiymətlərinə və ya mənfəət normasına müvafiq dövlət nəzarətinin tətbiqini qaçılmaz edə bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz inflyasiya qeydə alınıb. Bu dövrdə əhalinin gəlirləri isə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə nominal ifadədə 15,7 faiz artıb. Muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin yanvar ayına nisbətən bu ilin eyni ayında 10,9 faiz artıb.
Ukraynadakı hadisələrin ölkəyə idxala təsirinə gəlincə, ötən il ümumi idxalın dəyərinin 17,72 faizi və ya 2 milyard 74,312 milyon ABŞ dolları Rusiyanın, 4,02 faizi və ya 470,2 faizi isə Ukraynanın payına düşüb. Təkcə 2020-ci ildə ölkəyə idxal olunmuş buğdanın 99 faizi, marqarin və qida üçün yararlı digər qarışıqların 76 faizi, xam şəkər və şəkərin 45,2 faizi, şəkərdən hazırlanan qənnadı məhsullarının 43,6 faizi, bitki yağlarının 38,3 faizi, kartofun 43,5 faizi, mineral və qazlı suların 39,5 faizi, təzə tərəvəzin 38 faizi, təzə və dondurulmuş balığın 31,4 faizi Rusiyadan həyata keçirilib. Bu ölkə Azərbaycanın ərzaqla bərabər, qeyri-ərzaq məhsullarının idxalında əhəmiyyətli mövqeyə malikdir.
Ukraynadan idxalın strukturuna nəzər salanda isə məlum olur ki, quş əti və onun əlavələrinin, diri iribuynuzlu heyvan və onun ətinin, kərə yağı və digər süddən alınmış yağların, tütünün, siqaretin, qranit abidə və digər tikinti üçün daşların, dərman vasitələrinin idxalında bu ölkənin payı əhəmiyyətli dərəcədədir. Ümumilikdə, dərman vasitələrinin, marqarin və digər bu kimi qarışıqların, şəkərdən hazırlanan qənnadı məhsullarının, şokolad və şokolad məhsullarının idxalı əsasən bu iki ölkədən həyata keçirilir. Lakin burada ən vacib məqam Şimal qonşumuzun may ayınadək buğdanın ixracına qoyduğu qadağadır.

