Ukrayna torpağında bu gün xeyrlə şərin mübarizəsi gedir
Müharibə durdurulmasa, udan Putin, uduzan tərəf isə Rusiya və Ukrayna xalqı olacaq.
Ukraynada günlərdir davam edən amansız və qanlı müharibə bu gün bütün qlobal media orqanlarının əsas müzakirə obyektinə çevrilib. Dünya bu dəhşətli, hər gün yüzlərlə günahsız insanı ölümə, fəlakətə sürükləyən müharibəni böyük həyacanla izləyir. Sovetlər birliyinin süqutundan sonra öz müstəqilliyinə qovuşan Ukrayna demokratik prinsiplərə söykənərək dövlət quruculuğu istiqamətində ciddi islahatlara imza atdı. Lakin Ukraynada hakimiyyət və milli birlik müstəvisində yürüdülən bu siyasət təcavüzkar qonşu – Rusiya Federasiyası tərəfindən xoş qarşılanmadı. Nəticə etibarilə 2014 – cü ildə Rusiya Ukraynanın suverenliyini təhdid edərək Krım yarımadasını işğal etdi. Xırda təpkiləri nəzərə almasaq, beynəlxalq aləm Rusiyanın işğalçı əməllərini görməzdən gəldi. Azğınlaşmış Rusiya dünyanın bu ədalətsiz susqunluğundan daha da irəli gedərək Krımın ardınca Ukrayna dövlətinin tarixi əraziləri olan Luqansk və Donetsk vilayətlərini də işğala məruz qoydu. Yenə də beynəlxalq aləm Rusiyanın bu təcavüzkar siyasətinə göz yumdu. Nəhayət bu ilin fevral ayının 17-də işğalçı Putin rejimi Ukraynanı birdəfəlik diz çökdürmək məqsədilə cəbhənin bütün istiqamətlərindən amansız hərbi əməliyyatlara start verdi. Beynəlxalq siyasi ekspertlər müharibənin ilk günlərindən fərqli və təzadlı proqnozlar səsləndirməyə başladılar. Bir qrup ekspertlər Ukrayna ordusunun Rusiya hərb maşını qarşısında ciddi müqavimət göstərə bilməyəcəyini əsas gətirərək, qısa bir zaman kəsiyində Kiyevin süqutunun qaçımaz olduğunu xüsusi qeyd edirdilər. Digər bir qrup siyasi şərhçilər isə daha uzaqgörən siyasət yürüdərək Kiyevin “asan loxma” olmadığını, Rusiyanın Ukraynada böyük fəlakətlə, Putin diktaturasının tənəzzülə uğrayacağını vurğulayırdılar. Qeyd etmək lazımdır ki, beynəlxalq aləm, Qlobal güc sahibləri Rusiyanın Ukrayna torpaqlarında törətdiyi budəfəki vəhşiliyə göz yummadı. Müharibə başlayandan bəri başda ABŞ olmaqla əksər Avropa ölkələrinin Rusiya Federasiyasına tədbiq etdiyi öldürücü sanksiyalar Putin və onun komandasında ilk gündən böyük şok effekti yaratdı. Ukrayna hakimiyyəti və xalqı da öz növbəsində bu gün müharibə meydanında, sözün əsil mənasında qəhramanlıq salnaməsi yaradır. Artıq Ukraynanın bir neçə şəhərin dağıdıcı və qadağan edilmiş silahlar sayəsində işğal edən Rusiya yerli əhalinin iradəsini, milli kimliyini hələ də işğal edə bilməyib. Əliyalın insanlar başdan ayağa silahlanmış rus ordusunun qarşısında əyilmir, qəhraman Ukrayna əsgərinin döyüş ruhunu daha alovlandırırlar.
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövləti də Prezident İlham Əliyevin timsalında müharibə başlayan ilk gündən Ukrayna dövlətinə humanitar istiqamətlərdə öz dəstəyini nümayiş etdirdi. İndiyədək bir neçə dəfə müharibədən əziyyət çəkən Ukrayna xalqına Azərbaycan dövləti tərəfindən böyük həcimdə humanitar yardımalar göndərilib. Digər tərəfdən Azərbaycan dövləti bu qanlı müharibənin tezliklə başa çatdırılması üçün Bakının vasitəçi rolunu müharibə iştirakçılarının nəzərinə dəfələrlə çatdırıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycan bu gün regionda böyük siyasətin formalaşmasında mühüm söz sahiblərindən birinə çevrilib. Prezident İlham Əliyevin bu günlərdə qardaş Türkiyə dövlətinə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu istiqamətdə ciddi müzakirələr aparması qeyd etdiyimiz məqamlara bariz nümunə ola bilər. Prezident Ərdoğanın timsalında qardaş Türkiyə dövləti də öz növbəsində Rusiyanın Ukraynaya qarşı təcavüzünə ciddi təpki sərgilədi. Nəzərə alsaq ki, Türkiyənin bu gün Rusiya ilə böyük həcimdə iqtisadi əlaqələri var, yenə də qardaş ölkə və onun rəhbəri hər daim ədalətin və haqqın yanında olduğunu dünyaya bir daha sübut etdi. Günlərdir Ukrayna ərazisi qanlı savaş meydanına çevrilib. Günahsız, dinc sakinlər rus hərb maşınının bütün formalarda müharibə cinayətlərinin əsrinə çevrilib. Rusiya tərəfi hər dəfə hədəflərinin Ukrayna ordusu
olduğunu bildirsə də, yerli və xarici media nümayəndələrinin hadisə yerindən yaydıqları reportajlar tam əksini deyir. Qana susamış rus ordusu mülki binalara, hətta uşaq evlərinə belə havadan və qurudan ölümcül raket zərbələri endirir. Ukrayna mediyasının yaydığı məlumatlara görə artıq mülki əhali arasında təxminən 80-ə yaxın azyaşlı uşaq düşmən tərəfinin fasiləsiz bombardımanları nəticəsində həlak olublar.
Bu gün Ukrayna torpağında, sözün əsil mənasında xeyrlə şərin mübarizəsi gedir. Şübhə doğurmur ki, beynəlxalq aləm təcavüzkar Putin rejiminə qarşı daha ciddi tədbirlər görməsə, müharibənin miqyası tezliklə daha böyük qlobal xarakter daşıyacaq. Siyasi ekspertlər haqlı olaraq qeyd edirlər ki, Putin diktaturası Ukraynada qələbə çalarsa, Putin çoxdan arzuladığı böyük imperiya arzularına daha da yaxınlaşmış olacaq. ABŞ və Avropa ölkələri isə birmənalı şəkildə Ukraynaya hərbi dəstək göstərməyəcəklərini açıq şəkildə bəyan edirlər. Və Rusiyaya qarşı tədbiq edilən sanksiyaların tezliklə effektiv nəticələrə gətirib çıxaracağını əminliklə vurğulayırlar. Belə olan halda istər böyk ərazi, istərsə də sonsuz təbii ehtiyatlara sahib olan Rusiyanın Qərbin dediyi kimi tezliklə çökəcəyi barədə ehtimallar o qədər də inandırıcı görünmür. Nəzərə alsaq ki, bu gün Avropanın təxminən 40% qaz təminatı Rusiya qazının hesabına təmin olunur, o zaman Putin və onun rejiminin tezliklə çökəcəyinə ümid bağlamaq sadəlövhlük olardı. O halda günbəgün hərisləşmiş Putin siyasətini birdəfəlik fiaskoya uğratmaq üçün nəinki ABŞ və Avropa, bütün dünya ölkələri bu qanlı savaşın Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi
müstəvisində durdurulması yöndə təcili iradə ortaya qoymalıdarlar. Əks təqdirdə Putinin sabah onların da torpaqlarında müharibə tonqalları alovlandıracağı qaçılmaz olacaq.
Nəhayət, yekun olaraq, bu gün Ukraynada davam edən müharibənin nəticələri onu deməyə əsas verir ki, Rusiya işğalı tezliklə dayandırılmasa, Ukrayna bütövlükdə Rusiyanın bir hissəsinə çevriləcək. Daha aydın desək, Qlobal güc sahibləri ABŞ və Böyük Britaniya 1994-cü ildə imzalanan Budapeşt memorandumunu bu gün görməzdən gəlirlər. Sözügedən memoranduma əsasən, Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə başlıqlarını təhvil verərək dünya “beşliyi” tərəfindən təhlükəsizliklərinə təminat almışdı. Çin və Fransa da bu sənədə sonradan uyğun bəyanatlarla qoşulmuşdular. Bu gün isə həmin dövlətlər, “Ukrayna Natonun üzvü deyil”, bəhanəsi adı altında Rusiya ilə, daha doğrusu onları dəfələrlə “dişinə” vurmuş Putinlə təkbətək qarşılaşmaqdan yan keçirlər. Ümid yenə də qəhraman Ukrayna xalqının əyilməz iradəsindən keçir. Ehtimal etmək olar ki, Prezident Volodimir Zelenski və qəhraman xalqı bir az da dirəniş göstərsələr, müharibənin acı nəticələrindən cana doymuş Rus xalqı küçələrə çıxacaq, illərdir hökm sürən Putin diktaturasını türixin arxivinə köməcəklər. Əks təqdirdə bu qanlı savaşı udan Putin, uduzan tərəflər isə Rusiya və Ukrayna xalqı olacaq.
Azərbaycan dövləti və onu təmsil edən ARAN Media QROUP olaraq tezliklə Ukraynada davam edən bu qanlı savaşın tezliklə bitməsini, xeyrin şər üzərində qələbəsini arzulayırıq.
Şeyda Əzizova
“Aran Media” qəzetinin baş redaktoru

