Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır
Azərbaycanının milli bayramları arasında Novruz bayramı öz qədimliyi və milliliyi ilə seçilir. Əsrlərdir milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramı bu il xüsusi təmtəraqla, sevinclə keçiriləcək. Çünki düşmən işğalında olan torpaqlarımız nəhayət ki, işğaldan azad olunub. Novruz tonqalımız bu il Şuşada qalanacaq.
Heç vaxt torpaqlarımızın işğaldan azad olunmasına inanımızı itirmədik. Bu inamı bizə Ulu öndər Heydər Əliyev öz siyasəti ilə aşıladı. Ulu öndər hər zaman deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramı bir dəfə Şuşada o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bəli bu əminlik və inamla xalqına rəhbərlik edən bir liderin rəhbərlik etdiyi xalq da bu inamla yaşadı, özünə inandı, gücünə inandı, Ali Baş Komanda İlham Əliyevin siyasətinə inandı və Müzəffər ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə xalqın, Ali Baş Komandanın və Müzəffər ordumuzun bir yumruq kimi birləşməsi sayəsində qazanıldı.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruz tonqalları bu il daha gur yanacaq. Şuşada, Laçında, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda alovlanacaq və xalqımız bir daha qələbəmizi böyük qürur, sevinc və milli adət-ənənəmizi eşliyində qeyd edəcək. Elimiz, obamız, yurd-yuvamız bu tonqalların istisinə isinəcək, işığında nura qərq olacaq. Torpaq bu tonqalların istisinə oyanacaq, çəmənlər, düzlər yamyaşıl səməni göyərdəcək. Çayların, dağ şəlalələrinin buzu bu tonqalların istisinə əriyəcək, daşacaq, Şuşanı, Laçını, Zəngilanı, Ağdamı, Füzulini, Qubadlını – Qarabağımızı salamlayacaq. Hər tərəfdə şən nəğmələr eşidiləcək. Xarıbülbülün illərdən sonra Novruzun gəlişi ilə, sevinci ilə açacaq çiçəklərini. ”Yurdumuza Bahar xoş gəlib” – deyəcək doğma torpaq.
Dildar Kərimova,
Zəngilan rayon 14 nömrəli tam orta məktəbin direktor müavini

