Gündəm 

Böyük Qayıdış ili – Qarabağın məskunlaşdırılması hansı mərhələ ilə aparılacaq?- AÇIQLAMA

2022-ci ildən böyük gözləntilərimiz var. Onlardan biri də işğaldan azad etdiyimiz müqəddəs vətən torpaqlarına qayıdışdır.

Vətən müharibəsindəki qələbədən dərhal sonra Qarabağa qayıdışı qısa zamanda həyata keçirmək üçün yenidənqurma işlərinə başlanıldı.

İndi az qala hər bir azərbaycanlının gündəmində bu məsələ var – Ermənistanın işğalı nəticəsində öz yurdlarından didərgin düşmüş soydaşlarımız nə zamandan və hansı qrafik üzrə Qarabağa qayıdacaq?
İlkin olaraq, hansı kənd, yaxud, şəhərlər məskunlaşdırılacaq. Bilindiyi kimi, işğal altında olan kənd, qəsəbə və şəhərlərimizin azad edilməsi ilə həmin bölgələrin sakinlərinin qaçqın statusu da ləğv olunub. Zəfərin ilk günlərində həmin əhali çox ümidli idi ki, ən qısa zamanda öz yurd yerlərinə dönəcəklər. Hazırda isə keçmiş qaçqın topluluğunda bir qədər narazılıq və inamsızlıq yaranıb. Həm yurd yerlərinin ermənilər tərəfindən darmadağın olması və oralarda yaşayışın mümkünsüzlüyünü görmələri, həm də dövlət proqramının gecikməsi qarabağlıları az da olsa, tədirgin etməkdədir.

Onlar qaçqın statusu ilə bərabər müəyyən güzəştləri də itiriblər. Üstəlik, hələ də yurd yerlərinə qayıdacaqları ilə bağlı müəyyən bir qrafikləri yoxdur.

_113832248_1596705129058_zicipzdu.jpg (20 KB)

Mövzu ilə bağlı Milli Məclisin Deputatı Aqil Abbas Musavat.com-a açıqlamasında növbəti ildən Qarabağa qayıdışın başlayacağını bildirib:

“Qarabağa qayıdış 2023-cü ildən başlayacaq. Qayıdış Şuşadan başlayacaq və ətraf kəndlərdə də məskunlaşma olacaq. Hazırda Ağdamda da təmir-bərpa işləri davam edir, yaşayış yerləri tikilir. Ümumiyyətlə, qayıdışın başlaması üçün gərək işğal edilmiş ərazilərdə abadlıq işləri aparılsın, yaşamaq üçün əlverişli şərait yaradılsın. Yəni öz dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımız bu mövzu ilə bağlı narahat olmasınlar.

Yoxsa indidən soydaşlarımız həmin ərazilərə köçsə, onların yaşayış tərzi necə olar? İşıq, su, qaz yoxdursa, iş yoxdursa onlar necə yaşayar?

Ona görə deyirəm ki, əvvəlcə bu ərazilər tam düzəldilməli, yaşayış şəraitinə uyğun vəziyyətə gətirilməlidir. Bu vəziyyətə gətirildikdən sonra da soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı yavaş-yavaş başlayacaq. Ona görə bir daha deyirəm ki, vətəndaşlarımız bu mövzu ilə bağlı narahat olmasınlar”.

Qeyd edək ki, düşmənin 30 illik işğal dövründə ərazilərimizdə daşı daş üstündə qoymaması ilk vaxtlar bərpa prosesinin bir qədər uzun çəkəcəyilə bağlı qənaət yaratsa da, ölkə başçısının göstərişi ilə Qarabağın dirçəldilməsi istiqamətində atılan addımlar məcburi köçkünlərin yurd-yuvalarına yaxın müddətdə dönəcəyini deməyə əsas verir.

Daha çox xəbərlər