Qeyri- neft sektoruna qoyulan xarici sərmayə əsas prioritetlərimizdəndir
Prezident İlham Əliyev cari ilin 15 mart tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlüoyma mərasimində çıxış edən ölkə başçısı qeyd edib ki, bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür- Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən ölkə rəhbəri vurğulayıb ki, doğrudan da, çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.
Bildirib ki, mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. “Masdar” şirkətini bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərib. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.
Azərbaycanda çox gözəl investisiya iqlimi var. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. “Masdar” şirkəti dost ölkəni – Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu layihə ilə start verilir.
Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir. Xüsusi qeyd edək ki,
Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillər mövcuddur. Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl imkanlar yaradır.
Bu gün bütün ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir – təbii qaz, su, günəş və külək. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla indi və gələcəkdə əməkdaşlıq etməyə hazırdırlar.
Rövşən Əliyev
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

