Bayram günlərində ölkəyə turist axını gözlənilirmi?
Müasir turizm sənayesi həm müstəqil iqtisadi fəaliyyət növü, həm də sahələrarası kompleks kimi qəbul edilə bilən, eyni zamanda, dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir. Üstəlik, XXI əsrin əvvəllərindən gəlirinə görə turizm haqlı olaraq dünya iqtisadiyyatının aparıcı sektorları arasında dördüncü yerdədir. Məsələn, bir çox ölkələrdə – bölgələrdə turizm sahəsi əsas gəlir mənbəyidir. Statistik göstəricilərə görə, hər il turizmdən gələn gəlir 500 milyard dollardan çoxdur. Məhz bu baxımdan da turizm sahəsi şirkətlərin, bölgələrin və ya bütünlükdə ölkələrin rəqabət üstünlükləri qazanmasına imkan verən əsas amillərdən biridir.
Azərbaycan Respublikasının zəngin təbii sərvətləri və iqlim şəraiti turizmin inkişafı üçün əlverişli şərait yaradır. Yerli mütəxəssislərin hesablamalarına görə, bu geniş potensialdan istifadə etməklə biz ümumi daxili məhsulun 10 faizini turizmdən əldə edə bilərik.
1988-ci ildən başlayaraq Ermənistanın təcavüzü və əzəli tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycana turist axını kəskin şəkildə azaldı. Lakin 2020-ci ildə Prezident İlham Əliyevin əzmi, uğurlu xarici siyasəti nəticəsində yüksək peşəkarlıqla hazırlanmış Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində cəmi 44 gün ərzində yağı düşmən torpaqlarımızdan qovuldu. Müharibənin başa çatmasından qısa zaman sonra işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Xatırladaq ki, həmin torpaqlar turizm baxımından çox böyük potensiala malikdir. Böyük Bağımız- Qarabağımız və ətraf rayonların işğaldan azad olunması ölkənin turizm potensialını daha da artırıb. Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyi, zəngin ehtiyatlara, nadir təbii-iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb.
“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılan, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən, Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Vaxtilə Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa” sanatoriyası, “Gülablı” sanatoriyası, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr və bu kimi turizm məskənləri ayrıca seçilirdi və Prezident İlham Əliyevin tapşırıqlarına, görülən yenidənqurma işlərindən sonra yenə seçiləcək.
Azərbaycanda turizm ölkə iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. 2017-ci ilədək turizm sektoru nisbətən sürətlə böyüyən bir sahə olmaqla yanaşı, Azərbaycanın ÜDM-nin təxminən 4% -ni təmin edib. 2011-ci ildə Azərbaycana ilk dəfə gələn xarici turist sayı 2 milyonu keçib, 2019-cu ildə isə bu rəqəm 3 milyondan çox olub. Hesablamalara görə, Azərbaycana səyahət edən xarici turistlərin əksəriyyəti qonşu Rusiya, Gürcüstan, Türkiyə və İran sakinləridirlər. Məsələn, Rusiyanın Federal Turizm Agentliyinin statistikasına görə, 2016-2017-ci illərdə Azərbaycan rus turistlərin ən çox ziyarət etdiyi beş ölkədən biri olub.
Bir neçə gündən sonra xalqımızın ən sevimli bayramlarından biri olan Novruz qeyd ediləcək. Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Elə bu səbəbdən də bayram ərəfəsində ölkəmizə Novruzu qeyd edən xalqların nümayəndələri turist kimi səfərlər edirlər. İki ilə yaxındır ki, pandemiya səbəbindən turist sayında azalmalar müşahidə olunurdu. Bəs cari ildə necə, ölkəyə gələn xarici vətəndaşların sayında artım gözlənilirmi? Ötən illə müqayisə etsək bu il vəziyyət necə olacaq? Ən çox hansı ölkələrdən turist axını gözlənilir? Daxili turizmlə bağlı vəziyyət necədir?
Suallarımızı Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva cavablandırdı.
G.Mustafayeva bildirdi ki, qarşıdan gələn Novruz bayramı günlərində canlanma müşahidə olunacaq: “Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxt sakinləri rayonlara, bölgələrə üz tutacaqlar. Hazırda Azərbaycanda dörd turizm dəhlizi mövcuddur: şimal, şimal-qərb, qərb və cənub. Bu istiqamətlərin hamısı üzrə aktivlik müşahidə olunur. Bu il də belə olacağını gözləyirik. Eyni zamanda, bölgələrdən də paytaxta istirahət məqsədilə gələn insanların sayında artım gözlənilir”.
Həmsöhbətimiz quru sərhədlərimizin bağlı olduğunu bir daha xatırladaraq qeyd etdi ki, xarici turistlərin ölkəyə axını proqnozlaşdırılmır: “Yəni, biz pandemiyadan əvvəlki rəqəmləri gözləmirik. Amma ümumən bayram günlərində müəyyən canlanma müşahidə olunacaq”.
Son olaraq qeyd edək ki, hazırda dünyada cərəyan edən hadisələrə nəzər yetirəndə bir daha əmin oluruq ki, Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri də məhz siyasi sabitlikdir. Hansısa ölkəyə səfər edən turist əlbəttə ki, öz təhlükəsizliyini hər şeydən üstün tutur. Bu baxımdan da Azərbaycan xarici turistlərin üstünlük verdikləri ölkələr sırasındadır.

