Gündəm 

Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilib

Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyası ölkəmizin beynəlxalq aləmdə dəstəklənən enerji diplomatiyasının uğurudur

«Əsrin müqaviləsi»nin imzalanması ilə başlanan, Cənub Qaz Dəhlizi ilə davam etdirilən Azərbaycanın enerji diplomatiyası dünyanın enerji xəritəsini də dəyişib. Qlobal enerji layihələrini reallaşdıran Azərbaycanın Avropa ölkələrinin enerjiyə tələbatının ödənilməsində də əsas mənbələrdən olması günümüzün reallığıdır. İstifadəyə verilən elektrik stansiyaları hesabına son 18 ildə ölkə iqtisadiyyatı inkişaf edib, sənaye müəssisələrinin sayı artıb, respublikada enerjiyə daxili tələbat tam ödənilib.

Son illərdə respublikamızda energetika sahəsində çox önəmli addımlar atılıb. Cari ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən «ACWA Power» şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında «Azərenerji”» tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Azərbaycanda enerji istehsalının daim diqqətdə olduğunu «Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm. Mən azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru bu yaxınlarda Yaşıl Enerji Zonası elan etmişəm. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpaolunan enerji potensialı var» sözləri ilə açıqlayıb, hədəflərdən bəhs edən Prezident İlham Əliyev onu da bildirir ki, xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün biz dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edirik.

Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin «Masdar»” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi ölkəmizə maraqdan qaynaqlanan əməkdaşlığın nümunəsidir. Mərasimdə «Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır» sözləri ilə Azərbaycanda alternativ enerjidən istifadə üçün zəngin potensialın, təbii resursların olmasını diqqətə çatdıran dövlət başçımız onu da vurğuladı ki, 2023-cü ildə əlavə güclərin ümumi sistemimizə daxil edilməsi uğurlarımızı artıracaq.

Müəyyən səbəblərdən, xüsusilə Avropa ölkələrində yaranan enerji böhranının artdığı bir zamanda bərpaolunan enerji növlərindən istifadə bütün dünya dövlətləri üçün prioritetdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan marağın real nəticələri göz qabağındadır. Dayanıqlı iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimizin qarşılıqlı hörmət prinsiplərinə əsaslanması, nəqliyyat infrastrukturunun, kommunikasiyaların, elektrik stansiyalarının istifadəyə verilməsi ilə respublikamızın enerji gücü artır, qonşu ölkələrlə münasibətlər möhkəmlənir. Hazırda Azərbaycan beynəlxalq aləmdə nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı kimi tanınır. Çünki ölkəmizdə bərpaolunan enerji növləri üçün ekoloji cəhətdən təmiz mənbələr mövcuddur. Bu amillər isə alternativ enerjisinin istehsalına sərf olunan maliyyə vəsaitindən itkisiz istifadə üçün vacibdir.

Dövlət başçımız «Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir» bu sözləri ilə bildirir ki, enerji resurslarından səmərəli istifadə ilə 30 il ərzində Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində dağıdılan infrastrukturun, kommunikasiyaların və yol- nəqliyyat şəbəkəsinin bərpası sürətlənir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin sürətlənməsi üçün enerji sistemində yenidənqurma işlərinin sürətləndirilməsi, əlavə enerji mənbələrinin yaradılması ən çox diqqət göstərilən sahədir. Artıq işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə ümumi generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyası bərpa olunub. Bu il isə generasiya gücü 27 meqavat olacaq 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Ümumilikdə inşa və bərpa olunacaq enerji mənbələri barədə görüləcək işlərin miqyasını «Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev enerji ixracı ilə bağlı perspektivlərdən söz açaraq bildirmişdir ki, əsas bazarımız Avropadır. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla davam etdirilir. Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olanlar arasında Birləşmiş Ərəb Əmirlikləri kimi bir ölkənin olması ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasının təsdiqidir.

Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini hər iki dövlət üçün böyük perspektivli layihə adlandırdı. Bildirildi ki, 30-dan artıq ölkədə çalışan, günəş enerjisi texnologiyalarını dünyanın bir çox ölkəsində tətbiq etməkdə zəngin təcrübəyə malik «Masdar»ın Azərbaycanda fəaliyyəti hər iki tərəfə uğur qazandıracaq.

Daha çox xəbərlər