Region Xəbərləri 

Novruz tonqalların hər zaman gur yansın, əziz Azərbaycan!

Qədəmlərin mübarək, Novruzumuz! Beynəlxalq Novruz günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə can sağlığı, işlərinizdə uğurlar arzulayırıq! Hər dəfə bu təbrikləri yazanda Novruz bayramının Beynəlxalq bayram günü elan edilməsinin tarixini sevinclə xatırlayırıq. Bəli, bizim ən qədim tarixə malik olan, hətta İslamdan əvvəlki tarixi əhatə edən Novruz bayramımız 23 fevral 2010-cu ildən BMT Baş Assambleyasının 64-cü sessiyasının qərarı ilə hər il martın 21-i “Beynəlxalq Novruz günü” qeyd olunur. Bu, Azərbaycan mədəniyyətində və tarixində ən mühüm hadisələrdən biridir. İllərlə sovet rejimində keçirilməsinə qadağa qoyulmuş Novruz bayramı məhz Azərbaycanın təşəbbüsü ilə Beynəlxalq Novruz bayramı kimi bütün dünyada qeyd olunur. Bəli, məhz Azərbaycanın təşəbbüsü ilə! Nə qədər qürurvericidir! Bütün Şərq ölkələrinin əziz bayramı Azərbaycanın təşəbbüsü ilə artıq bütün dünyanın əziz bayramına çevrilib!
Əlbəttə, bütün bunlar asan əldə olunmayıb. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində həm də UNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə siyahıya daxil edilib. 28 sentyabr -2 oktyabr 2009-cu ildə BƏM-də keçirilən UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz Azərbaycan, Hindistan, Türkiyə, İran, Qırğızıstan, Pakistan, Özbəkistan və s. ölkələri əhatə etməklə çoxmillətli nomunasiya olaraq UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Artıq İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bəli, məhz Azərbaycanın sayəsində, hörmətli Mehriban xanımın zəhməti sayəsində bu əziz bayramımız, Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Novruz bayramını ən gözəl bayram olduğunu qeyd edərək demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramlarda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Məhz bu bayrama olan sevgisindən idi ki, ulu öndər Heydər Əliyev hər birimizin, bütün Azərbaycan xalqının arzusunu dilə gətirərək demişdir: “Gün o gün olacaq ki, Novruz bayramı bir dəfə də Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəmgilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla Azərbaycan xalqına rəhbərlik edirəm.” Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyev möhkəmliyi pozulmaz olan xalq iqtidar birlyinin gücü ilə Ulu öndərin vəsiyyətini və xalqımızın arzularını reallığa çevirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu şəhidlərimizin qanı, qazilərimizin canı hesabına doğma torpaqlarımızı mənfur düşmən işğalından azad edərək qalib xalqın qalib övladları olaraq həmin müqəddəs torpaqlarda Novruz tonqalları yandırır, Novruz şənlikləri keçirir. Bu gün ulu öndərin də, şəhidlərimizin də ruhu şaddır. Bayram tonqalların hər zaman gur yansın, Azərbaycan!
YAP Bərdə rayon təşkilatının sədri – Fəqət Şadlinskaya

Daha çox xəbərlər