Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir
15 mart 2022-ci il tarixində ölkəmiz üçün əlamətdar hadisələrdən biri olan Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmiş, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir.
Qeyd olunmalıdır ki, Qaradağ GES layihəsinin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Masdar” şirkəti bir çox ölkələrdə bərpaolunan enerji sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan ilə BƏƏ əməkdaşlığı uzun müddətdir ki, uğurla davam etdirilir. Bu əlaqələr enerji sahəsi ilə yanaşı siyasi, iqtisadi, turizm sahəsində də qurulmuşdur. Təməli yeni qoyulmuş Qaradağ Günəş Elektrik Stansiyası sayəsində artıq bərpaolunan enerji sahəsində də əlaqələr qurulmuş oldu. Qaradağ GES Azərbaycanda energetika sahəsində həyata keçirilən böyük layihələrin davamı olaraq qəbul olunmalıdır. Belə ki, cari ilin yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və 15 martda isə 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyuldu.
Son illərdə xarici ölkə şirkətlərinin Azərbaycanda qoyduqları investisiyanın miqdarı kifayət qədər artmışdır. Bunun əsas səbəbi ölkə daxilində yaranmış sabitlik, Azərbaycanın üzərinə düşən bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirməsi və qurulmuş çox gözəl investisiya mühitidir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfində əsas diqqətdə saxlanılan sahələrdən biri də qeyri-neft sektorudur. Bildiyimiz kimin əsas təbii sərvətlərimiz olan neft və təbii qaz sayəsində ölkəmizə 10 milyardlarla dollar civarında yatırımlar olumuşdur. Hazırda yatırımların olunduğu əsas sahələrdən biri bərpaolunan enerji istehsalı sahəsidir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan hesablamalara görə günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bununla bağlı BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər də bu bölgəyə maraq göstərirlər. Artıq Qarabağ və ətraf ərazilərdə bir çox infrastruktur layihəsinə start verilib və ya planı hazırlanmışdır. Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.
Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün ən prioritet məsələlərdən biridir. Uzun illər ərzində mövcud istiqamətdə müxtəlif işlər aparılmışdır. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmasların yaratdığı unikal vəziyyət onu göstərir ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.

