Bu il həyata keçiriləcək özünüməşğulluq layihələrinin sayı açıqlanıb
“Bu il 16 mindən çox özünüməşğulluq dəstək layihəsi həyata keçiriləcək. Onlardan 10100-ü Dövlət Məşğulluq Agentliyi, 6000-i isə Dünya Bankı tərəfindən olmaqla özünüməşğulluq dəstək layihəsi həyata keçiriləcək”.
ARANTV.AZ xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlı “Sosial saat” verilişində deyib. Onun sözlərinə görə, Agentlik tərəfindən veriləcək aktivlər kənd təsərrüfatı ilə bağlıdır: “İstehsal xidmətləri ilə bağlı olan aktivlər isə Dünya Bankı tərəfindən veriləcək. Bu il məşğulluq paketləri də yenilənəcək. Bununla bağlı vətəndaşların rəyləri də nəzərə alınır. Bizim üçün onların hansı paketləri görmək istədikləri önəmlidir. Məsələn, keçən il istixana ilə bağlı olan paketi ləğv etdik. Çünki istixananı təchiz edən şirkətin quraşdırma ilə bağlı problemi var idi. Həm də bu paket effektiv olmadı. Müasir bazar şəraitinə uyğun rəqabət qabiliyyətli yeni sahələrə üstünlük verməyə çalışırıq” – o deyib.

