Region Xəbərləri 

Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir

Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Yüksək beynəlxalq nüfuza malik olan ölkəmiz Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.

Bütün bunlar ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən enerji təhlükəsizliyi siyasətinin nəticələridir. Eyni zamanda ölkəmizdə yaradılmış şəffaf və təhlükəsiz investisiya mühiti enerji sahəsində də Azərbaycana olan maraqları artırmışdır. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq.

Məlumdur ki, Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.

Prezident İlham Əliyev tərəfindən təməlqoyması yenicə reallaşdırılan Qaradağ Günəş Elektrik Stansiyası bu cəhətdən xüsusi əhəmiyətə malikdir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkətibir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.

“Masdar” şirkəti dost ölkəni – Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir.

44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan Qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, mövcud enerji potensialımızdan tam istifadə imkanı yaratdı. Hazırda bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılır. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.

Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər, yaxın gələcəkdə ölkəmizin enerji sahəsində mühüm uğurlara imza atacağını görmək çətin deyil. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.

Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

İşğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Digər sahələrdə olduğu kimi enerji təminatı sahəsində də böyük işlər görülmüş, mühüm addımlar atılmışdır. Keçən il 4 su elektrik stansiyasıbərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.

Sevindirici haldır ki, respublikamızın digər bölgələrində olduğu kimi, bizim rayonumuzda da əhalinin fasiləsiz enerji ilə təminatı hər zaman dövlətin diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, 2012-ci ildə rayonumuzun ərazisində 25,2 meqavat gücündə Füzuli Su Elektrik Stansiyası tikilib istifadəyə verilib. Nəticədə Füzuli sakinlərinin fasiləsiz enerji təminatı reallaşdırılıb.

Əlavə olaraq işğaldan azad edilmiş ərazilərdə yaradılmış yarımstansiyalardan biri də bizim rayonun ərazisindədir. Belə ki, ötən il Prezident İlham Əliyev tərəfindən Füzuli yarımstansiyasının açılışı həyata keçirildi. Qeyd edək ki, bu yarımstansiya 110/35/10 kilovoltluqdur və Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Vüqar Teymurov,

Füzuli RİHB-nin müavini, Sosial – iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Daha çox xəbərlər