Qaradağ Günəş Elektrik Stansiyası ölkəmizin enerji potensialına güc qatacaq
Qaradağ Günəş Elektrik Stansiyası son illər ərzində ölkəmizdə inşa ediləcək ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, ilin əvvəlində «Yaşma» yarımstansiyası işə salındı, «Qobu» Enerji Qovşağının, indi isə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu, demək, aydın olur ki, cəmi bir neçə ay ərzində Azərbaycanda enerji sahəsində böyük böyük işlər görülür. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşasını zaman tələb edir. Ancaq ən qısa vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.
Xüsusi qeyd edilməlidir ki, artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik və digər təbii enerjisindən də valyuta əldə edəcək. Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarımızı da genişləndirəcək.
Xatırladaq ki, «Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında» Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən «Masdar» şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» və BƏƏ-nin «Masdar» şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və «Azərenerji» ASC ilə «Masdar» şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə «İnvestisiya müqaviləsi», «Enerji alqı-satqı müqaviləsi» və «Ötürücü şəbəkəyə qoşulma müqaviləsi» imzalanıb. Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Yeni layihənin icraçısı da dünyada tanınmış və böyük təcrübəyə malik olan «Masdar» şirkətidir. «Masdar» şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. «Masdar» şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir və bu məbləğ “Masdar” şirkəti tərəfindən təmin olunacaq. Bütün bunlar isə Vətənimizin gələcək firavan həyatınınyüksəlişinə xidmət edir.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri

