Region Xəbərləri 

Dağlar diyarının novruzlu günləri

Lerik Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən  Cəlil Baxşıyev, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirildi. Əvvəlcə tədbir iştirakçıları alovlanan  bayram tonqalının ətrafında əl-ələ verib şənlik etdilər.
Cəlil Baxşıyev min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etməklə  hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb dedi:-  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 44 günlük  İkinci Qarabağ  müharibəsində Vətən torpaqları işğaldan azad olundu.  Qarabağda artıq Novruz tonqalları şölə saçır.  Bu əziz günlərdə xalqımız üçün bundan böyük sevinc olmaz.
Sonra tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrdən ibarət sərgi baxdılar.
Tədbirdə rayon mədəniyyət mərkəzinin, kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri, oyunlar nümayiş etdirildi,  zəngin konsert proqramı təqdim olundu.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər