Xərçəng xəstəsi uşağa qarşı iyrənc əməl – Müalicəsi üçün yığılan pullar oğurlandı, uşaq dünyasını dəyişdi – VİDEO
Sosial şəbəkələrdə kiməsə yardım etmək üçün paylaşılan bank hesablarına, kartlara yəqin ki, hər biriniz rast gəlmisiz. Oğlunun müalicəsi üçün pula ehtiyacı olan paytaxt sakini Rəhim Şirinov da belə bir addım atıb. Lakin bir müddət sonra karta toplanan pul oğurlanıb. Nəticə olaraq maddi durumu yaxşı olmayan ata övladının müalicəsini davam etdirə bilməyib. Və 7 yaşlı Nihad dünyasını dəyişib.
Oğlunun müalicəsi üçün bank hesabı açdırdı, lakin yığılan pullar oğurlandı.
Suraxanı Rayonu Hövsan qəsəbəsində yaşayan Rəhim Şirinov deyir ki, oğlu Nihad 5 il xərçəng xəstəliyindən əziyyət çəkib.
Ailənin maddi durumu yaxşı olmadığından uşağın müalicəsi üçün banklardan kredit götürüblər. Əldə etdikəri bu pullar vasitəsi ilə də müalicəni xarici ölkədə davam etdiriblər. Lakin 7 yaşlı Nihadın müalicəsinə bu pullar kifayət etmədiyindən, onlar bank hesabı açdıraraq bunu sosial şəbəkələrdə paylaşıblar.
Ailə hər şeyin yolunda getdiyini düşünüb, balansa yığılan 5 min manatı çıxarmaq istəyəndə hesabın boş olduğu məlum olub…Onlar məsələ ilə əlaqədar banka müraciət etsələr də, bank məxfilik şərtlərini əsas gətirərək heç bir məlumat verməyib. Uşağın atası Rəhim Şirinov iddia edir ki, xəstəxanaya ödəniş edə bilmədikləri üçün müalicə dayanıb və uşaq dünyasını dəyişib.
Rəhim Şirinov başına gələnlərlə bağlı 2 ay əvvəl polisə müraciət edib. Lakin hələ ki nəticə yoxdur. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən isə bildirildi ki, polisə müraciət olunub və araşdırılır. Nəticəsi olduqda ərizəçiyə məlumat veriləcək.(xəzərxəbər)

