Siyasət 

Doğma Vətənimiz Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Bunun səbəbi, ölkəmizin idman sahəsində qazandığı uğurlardır. Bu uğurlar isə dövlətimizin idmana və onun inkişafına verdiyi dəyər, diqqət, idmançılarımıza göstərilən qayğının nəticəsidir. Dövlətimiz idmana verdiyi dəyəri yalnız sözdə deyil, həyata keçirdiyi işləri ilə sübut edir. Bu gün ölkəmizdə elə bir şəhər və ya rayon yoxdur ki, orada idman kompleksi, idman qurğuları ilə təchiz olunmuş zallar olmasın. Məsələnin ruhlandırıcı bir yönü də odur ki, təkcə idman komplekslərinin tikilməsi, qurğuların təmin edilməsi ilə iş bitmir, dövlətimiz eyni zamanda, gənclər arasında idmanın faydaları ilə bağlı təbliğat aparır, onları idmana həvəsləndirir. Uğur qazanmış idmançılara verilən dəyər, qayğı, mükafatlar da gənclərə xüsusi stimul verir. Gənclərin idmana cəlb edilməsi həm də onları pis vərdişlərdən uzaqlaşdırır, beləliklə, daha sağlam gələcək nəsil yetişir.
Sevindirici, eyni zamanda, çox qürurverici haldır ki, idmançılarımız yarışlarda həmişə ölkəmizi layiqincə təmsil edir, ölkəmizin adını daima ucaldır. Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil etməsi və ölkəmizin 34 ölkə arasında 1-ci yerə çıxması qazanılmış uğurların bariz nümunəsidir. Bu münasibətlə, ölkə prezidenti Cənab İlham Əliyev güləşçilərimizi şəxsən qəbul etmiş, qazandıqları bu möhtəşəm uğur münasibətilə onları təbrik etmişdir. Güləşçilərlə söhbət zamanı Cənab Prezident vacib məsələlərə toxunmuşdur.Qeyd etmişdir ki, bu böyük uğur, aparılan düzgün siyasətin və idmana verilən dəyərin nəticəsidir. İdmanın ölkəmizdə nə qədər vacib rol oynadığı və gənc nəslə sağlam həyat tərzi aşılamaqla yanaşı, onlarda vətənpərvərlik hissinin formalaşmasında da önəmli rolunu vurğulamışdır. İdmanın inkişafına yenə də dövlət qayğısının davam edəcəyini, bu inkişafın təmin edilməsi üçün idmanın kütləviliyini təmin etmək, mövcud infrastrukturu qorumaq və yaxşılaşdırmaq, seleksiya işinin düzgün aparılması, belə ki, idmanda uğur qazana biləcək bacarıqlı uşaqların üzə çıxarılması, eyni zamanda, tanınmış idmançıların həm uğurları, həm də davranışları ilə gənclərə nümunə olması kimi vacib faktorlar qeyd edilmişdir. Azərbaycanda hər sahədə olduğu kimi, idman sahəsində də aparılan islahatlar öz bəhrəsini vermişdir. Cənab Prezident qeyd etmişdir ki, Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi, orada nizam-intizamın gücləndirilməsi qazanılmış bu uğurda vacib rol oynamış amillərdən biridir. Güləşin ölkəmizdə qədim ənənələri olduğunu vurğulayan ölkə başçısı 44 günlük Vətən müharibəsini və vətənpərvərliyin qazanılmış qələbəmizdəki rolunun vacibliyini göstərmişdir. “Siz qalib gəlmiş, müzəffər xalqı təmsil edirsiniz”, “Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik”. Bu sözləri idmançılarımıza deyən Cənab Ali Baş Komandan onların artıq özlərini həm qürurlu, həm də nümunəvi aparmalarını, gələcəkdə də uğurlarını davam etdirmək üçün çalışmalarını söyləmişdir.
Bu gün sürətlə inkişaf edən ölkəmizin uğurları bizləri qürurlandırır. Cənab Prezidentimizin işğaldan azad edilmiş torpaqlarımızda da idman komplekslərinin tikiləcəyi və idman qurğularının quraşdırılacağını qeyd etməsi bizi idman sahəsinə daha da ruhlandırır. Yaxın gələcəkdə Qarabağımızda, gözəl Şuşamızda idman yarışlarının keçirilməsi və idmançılarımızın daha böyük uğurlar qazanması ən böyük arzularımızdan biridir. Bu, artıq xəyal deyil, ölkəmizin yaratdığı reallıqdır.
Qərənfil Nəsibova YAP Siyəzən rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər