Cəmiyyət 

Bu gün Beynəlxalq Meşələr Günüdür

Martın 21-i dünyada Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

ARANTV.AZ BMT-nin Ərzaq və Kənd Təsərrüfatının saytına istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

2022-ci ildə Beynəlxalq Meşələr Günü bütün dünyada “Meşələr və davamlı istehsal və istehlak” devizi altında qeyd olunur.

Dünya hər il 10 milyon hektar meşəni itirir

Yer kürəsinin ən qiymətli təbii sərvəti hesab olunan meşələr planetin quru səthinin üçdəbirini tutur. Hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadratkilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Meşələr 60 mindən çox ağac növü ilə dünyanın quru biomüxtəlifliyinin təxminən 80 faizinə ev sahibliyi edir. Təqribən 1,6 milyard insan qida, sığınacaq, enerji, dərman və gəlir üçün birbaşa meşələrdən asılıdır. Dünya hər il 10 milyon hektar meşəni itirir. Bu da təxminən İslandiyanın ərazisinə bərabərdir. Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Meşələrin kütləvi şəkildə qırılması “istixana effekti”nə şərait yaradır.

Ötən il Azərbaycanda aparılan meşəbərpa tədbirləri

Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu – Meşələrin İnkişafı Xidməti vasitəsilə həyata keçirilir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 9328,2 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 512,2 hektar sahədə meşə əkinləri, 197 hektar sahədə meşə səpinləri işləri aparılıb, 64 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 8550 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18762,5 hektar təşkil edib. Bundan başqa, səpin sahələrində 14,3 hektar sahəyə toxumlar səpilib, 3,8 hektar çilik kökləndirməsi sahələrinə 185 min ədəd çilik basdırılıb.

2021-ci ildə meşə fondu sahələrindən 45,7 ton meyvə və meşə ağac toxumları tədarük edilib ki, bunların da 2,5 tonu qoz, 0,3 tonu badam, 0,6 tonu digər meyvə ağaclarının, 38,3 tonu palıd, 4,0 tonu digər meşə ağacları toxumlarının payına düşüb.

Bu il Azərbaycanda 3 milyon ağacın əkilməsi planlaşdırılır

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, 2021-ci ildə 807 hektar meşə ərazisində 846 min 885 müxtəlif ağac və kol cinsinə mənsub tinglər əkilib. 23 tondan çox toxum səpilib. Nazir müavini bu il Azərbaycanda 3 milyon ağacın əkilməsinin planlaşdırıldığını da qeyd edib. Bildirilib ki, yaz mövsümündə azad edilmiş torpaqlarda ümumilikdə 40 hektar ərazidə əkin işlərinin aparılması nəzərdə tutulub.

“Meşə fondu torpaqlarımızın hansı hissəsi ki, Tuqay meşələrinin ərazisinə düşür, orada da meşəbərpa və yeni meşə zolaqlarının salınması ilə bağlı layihələr var. Bu, əsasən Kürboyu ərazilərdir. Burada seyrəlmiş və müəyyən səbəblərdən məhv olmuş meşələrin mərhələli şəkildə bərpası ilə bağlı layihələr həyata keçirilir”, – deyə V.Kərimov diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə ötən il ümumilikdə Azərbaycanda 2 milyona yaxın ağac əkildiyini, onun 1 milyona qədərinin “Yaşıl Marafon” kampaniyasının payına düşdüyünü deyib: “Ötən il noyabrın 8-də Topxana meşələrinin bərpasına başlanıldı. Belə ki, həmin gün ölkə üzrə 44 min ağac əkildi və ağacəkmə aksiyası Topxana meşələrinin ərazisində də həyata keçirildi. Ötən il işğaldan azad edilən ərazilərdə 20 mindən çox ting əkilib, eyni zamanda, 3 tona yaxın müxtəlif ağac cinslərinin toxumları səpilib”.

Nazir müavini bildirib ki, payız və qış ağacəkmə aksiyası məfhumları aradan qaldırılır və ağacəkmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev isə qeyd edib ki, bu il yaz əkin planına uyğun olaraq ümumilikdə ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 mindən çox meşəcinsli ağacın əkilməsi, 6 min kiloqramdan çox toxumun səpilməsi planlaşdırılır.

Daha çox xəbərlər