Cəmiyyət 

Rafiq Verdiyev: Kürdə sululuğun artması duzluluğun azalması ilə nəticələnib

Martın ikinci ongünlüyündə intensiv yağıntılar nəticəsində ölkənin bir çox bölgələrində çaylarda sululuğun artımı müşahidə edilib. Bu, xüsusilə Kürün aşağı axınında da çayların sululuğunun və Kür çayında suyun səviyyəsinin və sərfinin artmasına şərait yaradıb. Martın əvvəllərində Kürdə su sərfi saniyədə 30 kubmetrdən aşağı idisə, hazırda 100 kubmetr/saniyədən yuxarı olmaqla çayda yaranmış duzluluğun xeyli azalmasına səbəb olub.

ARANTV.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

Xidmətin rəis müavini bildirib ki, martın birinci yarısında güclü küləklər və dənizdə olan dalğalanma nəticəsində duzlu sular Kür boyu hərəkət edərək Salyan şəhəri və ondan yuxarıda duzluluğun 0.6-0.7 qram/litrdən bir neçə qram daha yüksək olmasına, hətta Salyandan aşağıda 7-8 qramadək yüksəlməsinə səbəb olub. Yağıntılar nəticəsində sululuğun artması duzluluğun azalması ilə nəticələnib: “Kürdə suyun artması nəticəsində çayın sürəti də artıb və duzlu sular geriyə – dənizə doğru hərəkət edib ki, nəticədə çayda suyun duzluluğu xeyli azalıb. Demək olar ki, Kürün aşağı hissəsində duzluluq 1qram/litr səviyyəsindədir. Bu da su təchizatında yaranan problemlərin aradan qaldırılmasına imkan yaradıb. Yaxın aylarda yağıntılar nəticəsində çaylarda yüskək sululuğun olması bu problem üçün o qədər də zəmin yaratmayacaq. Ancaqçaylarda gursululuq dövründən sonrakı dövrdə – iyun, iyul, avqust aylarında sululuğun azalması nəticəsində həmin problem yenidən təkrar oluna bilər. Odur ki, buna hazır olmaq lazımdır. Xüsusilə sudan daha qənaətli istifadə metodlarına geniş yer verilməli, su itkilərinin qarşısı alınmalıdır ki, Kür çayının aşağı axınında çaydan götürülən suyun miqdarı kifayət qədər az olsun. Burada məqsəd həmin problemlərin daha da kəskinləşməsinin qarşısını almaqdır”.

Daha çox xəbərlər