Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə bayram sovqatı çatdırılıb
Qida Təhlükəsizliyi Agentliyi Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı günlərdə müharibə iştirakçıları və onların ailə üzvləri ziyarət edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və fədakarlıq nümunəsi göstərmiş qəhrəmanların ailələrinə ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin 27 əməkdaşı Vətən müharibəsi iştirakçısıdır. Onların bir çoxu Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və Suqovuşanın azad edilməsinə görə medallarla təltif olunublar.

