Ölkəmizdə idman uğurla inkişaf edir
Respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Dövlətimizin başçısı, Prezident İlham Əliyev Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.
Bu gün də Azərbaycan gənclərinin idmana marağının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Belə ki, ölkə rəhbəri 17 mart tarixində Bolqarıstanda keçirilmiş Avropa çempionatında ölkəmizi layiqincə təmsil edən güləşçilərimizi qəbul edərək, onları təbrik etmiş və ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan danışmışdır.
Dövlət başçısı çıxışında, Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdıqlarını, idmançılarımızın yarışda 16 medal, onlardan 7-si qızıl medal olduğunu, komanda hesabında ölkəmizin komandasının birinci yerə layiq görüldüyünü vurğulamışdır.
Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirdiyini vurğulayan dövlət başçısı, Avropada birinci olmağın böyük nailiyyət olduğunu, ölkəmizin dövlət himninin yeddi dəfə səsləndirildiyini, həm idmançıların, həm idman mütəxəssislərin və bütün Azərbaycan vətəndaşlarının bu qələbəni böyük qürur hissi ilə qarşıladığlarını qeyd etmişdir.
Ölkə rəhbəri Güləşin Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malik və Güləşin milli idman növü olduğunu bildirmiş, “Bütün dövrlərdə güclü güləşçilərimizin olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər”, fikirlərini diqqətə çatdırmışdır. “Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir”, bildirmişdir.
Dövlətimizin başçısı, İdmançılara şəraitin yaradılmasını və onlardan nəticəni gözlədiyimizi bildirmiş, bu iki əsas amilin böyük uğurlarımızın əsasını təşkil etdiyini, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacağını diqqətə çatdırmışdır. “Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir” fikirlərini vurğulamışdır.
Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifə olduğunu bildirən Cənab Prezident, Azərbaycanın hər bölgəsində müasir olimpiya idman komplekslərinin olduğunu, 50-yə yaxın belə kompleksin artıq inşa edildiyini və onlardan səmərəli şəkildə istifadə olunmasını qeyd etmidşir. Seleksiya işinin çox düzgün aparılmasını, bölgələrdə istedadlı uşaqların düzgün seçilməsini və idmana, idman bölmələrinə cəlb edilməsini diqqətə çatdırmışdır.
Ölkə rəhbəri, Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amilinin çox böyük rol oynadığını bildirmiş, “Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”, fikirlərini vurğulamışdır.
30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunduğunu bildirən Cənab Prezident, “Həqiqəti etiraf etmək lazımdır, həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir” fikirlərini qeyd etmişdir.
Cənab Prezident çıxışında bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil etdiyini vurğulamış, beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğuların mütləq olmasınl, təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss etdiklərini, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışdıqlarını diqqətə bildirmişdir. “Xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı. Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər” fikirlərini diqqətə çatdırmışdır.
Dövlətimizin başçısı, azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsini, bu istiqamətdə işlər görüldüyünü, stadionların, idman komplekslərinin və digər idman qurğularının azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsinə də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaqlar.
Şənlik Əliyev
Zəngilan RİH əməkdaşı

