Cəmiyyət 

Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır

BMT-nin Baş Assambleyasının qərarına əsasən, hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd olunur.

Bu günün dünya miqyasında qeyd olunmasında məqsəd su ekosistemlərinin mühafizəsinə diqqəti artırmaq, suya qənaəti təşviq etməklə hər kəsi lazımi miqdarda təmiz su ilə təmin etmək və su ehtiyatlarının səmərəli idarə olunmasıdır.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev AZƏRTAC-a bildirib ki, planetimizin hər nöqtəsində olduğu kimi, Azərbaycanda da su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır. Əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan ildə 12 kubkilometrdən çox su istifadə üçün götürülür. Götürülən suyun üçdə ikisi kənd təsərrüfatı məhsullarının suvarılmasında istifadə olunur.

Xidmət rəsmisinin sözlərinə görə, gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.

Daha çox xəbərlər