Region Xəbərləri 

Novruz bayramı Azərbaycan xalqının dəyərlərini özündə birləşdirən milli bayramdır

Novruz bayramı milli ənənəmizin simvolu hesab edilir. Ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənzərsiz cəhətlərini təsdiq edir.  Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən  gözəl  bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımız Novruz bayramını  yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.

BMT-nin Baş Məclisinin 64-cü sessiyasında 21 mart  bütün dünyada “Beynəlxalq Novruz günü” elan edilmişdir. Dünyanın bir çox ölkələrində üç yüz milyondan çox insanın Novruz bayramını qeyd etməsinə baxmayaraq, qəbul edilmiş  qərar məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə baş tutmuşdur. Novruz bayramı həm də   YUNESKO- nun qeyri-maddi irsinə daxil edilmişdir.

Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının  rəmzidir. Bu bayrama dörd həftə qalmış, insanlar hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər də hələ İslamdan daha  əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır.  Novruz bayramını  xalqımızın  milli bayramı olmaqla yanaşı bu  bayram  hər il yüksək təntənə ilə keçirilir. Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Novruz –  dünyanın və insanın yaradılış bayramıdır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır.

Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını xüsusi ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanımızın rəhbərliyi altında Rəşadətli  Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını əbədi  qeyd edəcəkdir.

Əli Paşayev,

YAP  Tərtər rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər