Cəmiyyət 

Vətən müharibəsi şəhidi doğum günündə anılıb

Martın 23-də Nizami rayonunda Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

ARANTV.AZ  xəbər verir ki, bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, rayonun güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.

Sonra şəhidin yaşamış olduğu binanın önündə inşa edilmiş xatirə kompleksinin qarşısında YAP Nizami rayon təşkilatının və “Missiya” Media Qrupunun birgə təşkil etdiyi tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsi sədrinin I müavini, I Qarabağ müharibəsinin qazisi Heydər Rəhimov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Nizami rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, şəhid Vüqar Cəfərovun məzunu olduğu 70 saylı məktəb-liseyin direktor müavini Mətanət Rüstəmova, Keşlə qəsəbəsi möminləri adından Rza Rzayev, döyüş yoldaşları, rayonun qaziləri, şəhidin adına verilmiş sinfin müəllimləri, şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb. Sonra çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Qeyd ediblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

Şəhid Vüqar Cəfərovun atası İnşallah Cəfərov da çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilərin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 2020-ci ilin oktyabr ayının 5-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Vüqar Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha çox xəbərlər