İƏT Azərbaycanla həmrəydir
Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 48-ci iclası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilib. Qeyd etmək istərdik ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib. Həmçinin Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyunqaçırması pislənilib və Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib.

