Cəmiyyət 

Şərurda keçirilən ağacəkmə aksiyasında yeni meyvə bağı salınıb

Yazın gəlişi ilə əlaqədar olaraq muxtar respublikada ağacəkmə aksiyaları keçirilir, bölgələrdə yeni meyvə bağları salınır. Yaşıllaşdırma tədbirləri çərçivəsində Şərur rayonunda da keçirilən ənənəvi ağacəkmə aksiyasında yeni meyvə bağı salınıb.

ARANTV.AZ xəbər verir ki, aksiya çərçivəsində rayon ərazisində 0,1 hektar sahədə yeni alma bağı salınıb. Əraziyə calaq üsulu ilə yerli şəraitdə yetiştirilən 58 alma tingi, 9 çinar və 8 həmişəyaşıl ağac əkilib.

Şərur rayon qəbiristanlığının ətraf ərazisində keçirilən yaşıllaşdırma işlərində rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların əməkdaşları fəal iştirak ediblər. Qəbiristanlıq ərazisinə 55 həmişəyaşıl ağac əkilib.

Həyata keçirilən aksiya zamanı abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Keçirilən ekoloji aksiyanın məqsədi yurdumuzun təbiətinin zənginləşdirilməsi, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

Daha çox xəbərlər